AZ

“Azərbaycanla matçda mütləq qalib gəlməyə çalışacağıq”

Qadın futbolçulardan ibarət Banqladeş millisinin baş məşqçisi Peter Butler və kapitanı Afeida Xandaker Dəkkədə keçiriləcək “FIFA Tri Nations Women’s Football Series 2025” turniri ilə bağlı fikirlərini bildiriblər.

Sportinfo.az xəbər verir ki, Butler mətbuat konfransında turnirə qatılan Azərbaycan və Malayziya yığmalarına təşəkkür edib.

O, qarşıdakı matçların komandası üçün böyük önəm kəsb etdiyini söyləyib:

“Beynəlxalq yoldaşlıq oyunları keçirmək çox yaxşıdır. İstər üç komandanın iştirakı ilə turnir olsun, istərsə də adi yoxlama matçı, bunlar vacib sınaqlardır.

Azərbaycanı və Malayziyanı gözəl ölkəmizdə səmimiyyətlə qarşılayırıq.

Qadın futbolunda beynəlxalq səviyyədə yoldaşlıq oyunları təşkil etmək çox çətin ola bilər. Buna görə də qoşulan hər iki komandaya minnətdarıq”.

Xandaker isə hər iki qarşılaşmaya qələbə qazanmaq üçün çıxacaqlarını vurğulayıb:

“Azərbaycan və Malayziyaya qarşı matçlarda mütləq qalib gəlməyə çalışacağıq. Son məşqdə necə oynamaq istədiyimiz üzərində işlədik.

Ümid edirəm ki, yaxşı oyunlar keçirəcək, xalqa müsbət nəticə sevinci yaşadacağıq”.

Qadınlardan ibarət Banqladeş millisi 2013-cü ildən bəri ilk dəfə Dəkkədə oyun keçirəcək. Azərbaycan millisi noyabrın 29-da Malayziya, dekabrın 2-də Banqladeşlə qarşılaşacaq.

Seçilən
26
sportinfo.az

1Mənbələr