AZ

Elektron cihazların gözlərə mənfi təsirini azaltmağın sadə yolları açıqlanıb - MÜSAHİBƏ

Bakı, 27 noyabr, Leyla Muradzadə, AZƏRTAC

Məlum olduğu kimi elektron qurğular artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin onlardan tez-tez istifadə gözlərdə qızartıya, ağrıya və yorğunluğa səbəb olur. Bu əlamətlər həddindən artıq görmə yükü və göz qırpma tezliyinin azalması ilə bağlıdır ki, nəticədə gözlərin quruması baş verir.

AZƏRTAC-a müsahibəsində oftalmoloq Nigar İlyasova görmə qabiliyyətinin qorunması üçün bir neçə tövsiyə verib.

Həkimin verdiyi ilk məsləhət “üç iyirmilik” qaydasıdır:

“Hər 20 dəqiqədən bir baxışı təxminən 6 metr məsafədəki bir obyektə 20 saniyə yönəltmək akkomodasiya əzələlərinin gərginliyini azaldır.”

Onun sözlərinə görə, ikinci mühüm məsələ optimal görmə məsafəsinin qorunmasıdır:

“Ekranla göz arasında 40–60 santimetr məsafənin saxlanması görmə yükünü azaltmağa kömək edir”.

Göz qırpma tezliyinin artırılması da faydalı hesab olunur:

“Tez-tez göz qırpmaq göz yaşı qatının sabitliyini qoruyur. İşıqlandırmanın düzgün tənzimlənməsi də böyük əhəmiyyət daşıyır. Otaq kifayət qədər işıqlı olmalıdır. Ekranın parlaqlığı həmin işıqlandırma səviyyəsinə uyğun şəkildə nizamlanmalıdır”.

Həkim bildirir ki, ekrandan 1–2 saatlıq fasiləsiz istifadədən sonra 5–10 dəqiqəlik fasilə gözlərin funksional bərpasını təmin edir.

“Süni göz yaşı preparatları, xüsusilə konservantsız damcılar gözün səthinin nəmlənməsini yaxşılaşdırır. Bundan başqa, mavi işıq filtri olan eynəklər tor qişasına düşən işıq yükünü və görmə yorğunluğunu azaltmaq üçün istifadə oluna bilər”, — deyə Nigar İlyasova vurğulayıb.

Seçilən
95
azertag.az

1Mənbələr