AZ

Çexiya səfiri: Azərbaycan investisiya üçün cəlbedici məkandır

Bakı, 27 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycan əlverişli investisiya mühiti nümayiş etdirir, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa işləri isə xarici şirkətlərin, o cümlədən çex şirkətlərinin marağını artırır.

Bunu AZƏRTAC-a müsahibəsində Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek bildirib.

Çexiya biznesinin Azərbaycandakı layihələrdə iştirak perspektivləri ilə bağlı suala cavab verən diplomat sahibkarlıq dairələrinin artan fəallığını qeyd edib. “Bu günlərdə artıq Çexiyadan onuncu biznes nümayəndə heyəti Azərbaycandadır. Bu gün Bakı Metropoliteninin nümayəndələri ilə görüşüm oldu, sabah nümayəndə heyəti Sumqayıta yola düşəcək və artıq növbəti gün yeni sahibkarlar qrupu gələcək”, — deyə səfir söyləyib.

Diplomatın sözlərinə görə, Avropadakı iqtisadi vəziyyət bir çox şirkətləri qitə hüdudlarından kənarda yeni imkanlar axtarmağa vadar edir. Bu kontekstdə Azərbaycan cəlbedici istiqamət hesab olunur.

“Buradakı mühit, coğrafi mövqe və yaradılan şərait ölkəni Çexiya firmaları üçün çox maraqlı edir. Bu, təkcə energetika, neft və qaz sahələrinə aid deyil, digər istiqamətlər də diqqət mərkəzindədir. Lakin qeyd etmək istərdim ki, həmin sahələr hələ də aktual olaraq qalır. Biz əməkdaşlığın dinamikasından razıyıq və aktiv şəkildə çalışırıq”, — deyə M. Sedlaçek vurğulayıb.

Səfir, həmçinin “Caspian Energy Club” ilə səmərəli əməkdaşlığı diqqətə çəkərək, bu platformanın biznes əlaqələrin qurulmasındakı əhəmiyyətli roluna toxunub. “Biz “Caspian Energy Club” ilə çox yaxşı işləyirik. Onların Praqada filialının olması da birgə təşəbbüslərimizə əlavə dəstək verir”, — diplomat əlavə edib.

 

Seçilən
65
azertag.az

1Mənbələr