AZ

Erməni fəalların Bakıdan apardıqları mesajın Paşinyana da xeyri dəyə bilər...


Məhərrəm Zülfüqarlı: “Bu, parlament seçkiləri ərəfəsində Paşinyanın mövqeyini daha da gücləndirəcək, xalqın ona növbəti dəfə etimad göstərməsinə imkan verəcək”

Bu günlərdə dörd nəfərlə birlikdə Azərbaycana səfər edən Ermənistan vətəndaş cəmiyyəti qrupunun üzvü Areq Koçinyan jurnalistlərlə görüşdə bildirib ki, “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində onların Bakıya səfərləri, eləcə də azərbaycanlı ekspertlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərləri müntəzəm xarakter daşıyacaq.

Onun sözlərinə görə, səfərin təşkili və təhlükəsizliyin təmin edilməsi ilə həm Ermənistanın, həm də Azərbaycanın müvafiq orqanları məşğul olub. “Biz azərbaycanlı həmkarlarımızdan İrəvanda özlərini necə hiss etdiklərini soruşduq. Onlar dedilər ki, bu olduqca təhlükəsizdir. Eyni şeyi təhlükəsizliyimiz barədə də deyə bilərəm”, - deyə Koçinyan bildirib.

Onun sözlərinə görə, vətəndaş cəmiyyəti nümayəndələri həmçinin Bakıda Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüblər. "Hikmət Hacıyev bizdən Ermənistan ictimaiyyətinə müharibənin bitdiyini, artıq Azərbaycan üçün müharibə olmadığını çatdırmağımızı xahiş etdi. Ermənistan-Azərbaycan münaqişəsi onlar üçün bitib. Onların bizim vasitəmizlə Ermənistan ictimaiyyətinə Ermənistanla hərtərəfli və davamlı sülh qurmaq istədiklərini və bu yolda irəliləməyə hazır olduqlarını çatdırmaları çox vacibdir”. O, həmçinin deyib ki, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur.

Azərbaycan müharibənin bitdiyini, bizim irəliyə baxdığımızı, müharibə istəmədiyimizi, istəyimizin yalnız və yalnız bölgənin təhlükəsizliyini və inkişafını təmin etməkdən, bunun üçün imkanları birləşdirməkdən ibarət olduğunu bir daha rəsmən bəyan edib.

Azərbaycan cəmiyyətindən Ermənistana verilən bu mesajların nə kimi təsir və əhəmiyyəti var? Eyni zamanda Azərbaycanın dövlət strukturlarından verilən bu kimi mesajların Ermənistan cəmiyyətinə və rəsmi dairələrinə nə kimi təsiri var? Azərbaycanın bu mesajının Paşinyanın ölkənin daxilində siyasi mövqeyinin güclənməsində hər hansı bir rolu ola bilərmi?

Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin Bakıdan İrəvana apardıqları mesajların Ermənistanın baş naziri Nikol Paşinyana faydasının, xeyrinin olduğu şübhəsizdir. Söhbət ondan gedir ki, Azərbaycan müharibə istəmir, sülh istəyir. Bu baxımdan, Azərbaycanın verdiyi bu mesaj Ermənistanda sülh tərəfdarlarının mövqeyini gücləndirəcək. Bu da, dediyimiz kimi, birinci növbədə Paşinyan üçün faydalıdır. Bu, Paşinyanın seçki ərəfəsində ölkənin daxilində mövqeyini gücləndirir.

“Ermənistan hakimiyyəti də, cəmiyyəti də Azərbaycanın sülh, əminamanlıq, təhlükəsizliklə bağlı mesajlarını çox yüksək dəyərləndirməlidir”

Tarix elmləri doktoru, professor, siyasi ekspert Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bu məsələnin çox aktual olduğunu bildirdi: “Azərbaycanın qələbəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərində hansı dəyişiklik baş verib? İndiki şəraitdə Azərbaycanın sülhpərvər mövqeyinə, irəli sürdüyü sülh təkliflərinə Ermənistan necə münasibət bəsləyir? Əvvəlcə buna baxaq. 44 günlük müharibəyə qədər Ermənistanın indiki rəhbərliyi də, əvvəlki rəhbərliyi də Azərbaycana qarşı “qalib dövlət” mövqeyindən çıxış edirdilər. Hətta 2020-ci ildə Tovuz döyüşləri zamanı ermənilər yeni torpaq işğalları, eləcə də Bakı-Tbilisi-Ceyhan neft kəmərinin mühafizəsini öz üzərlərinə götürəcəkləri kimi sərsəm fikirlər bəyan etmişdilər. Ona görə də, hətta indi mövqeyini dəyişmiş baş nazir Paşinyan demişdi ki, “Qarabağ Ermənistandır.”. Buna da bizim Prezidentimizin cavabı var idi “Qarabağ Azərbaycandır!”.

Bizim 44 günlük müharibədə qələbəmizdən sonra vəziyyət tamamilə dəyişdi. Yəni Ermənistanda mövqelər ikiyə parçalandı. Bir tərəf artıq başa düşdü ki, Rusiyanın forpostu olaraq, bu ölkənin istəyinə uyğun qırğınlara, müharibələrə getməklə özünün faciəsini yaşayır, bundan əl çəkmək lazımdır. Digər tərəf isə Rusiyanın əlaltıları olduqları üçün əvvəlki prosesi davam etdirdilər. İndiki vəziyyətdə Azərbaycanın sülhməramlı mövqeyə, irəli sürdüyü təkliflərə münasibətdə çoxluq müsbətə doğru addım atır. Azərbaycanın vətəndaş cəmiyyəti institutunun nümayəndələrinin İrəvana getməsi, erməni nümayəndələrin isə Bakıya səfər etməsi, hər iki tərəfin mövqelərini bildirməsi çox müsbət haldır. Bakı səfərindən İrəvana qayıdan vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən biri bildirib ki, Azərbaycan sülh, əminamanlıq istəyir. Digəri isə deyib ki, Azərbaycanla və Türkiyə ilə normallaşma prosesinə, müsbət əməkdaşlıq əlaqələrinin qurulmasına qarşı çıxanlar, gərginliyin azaldılmasını, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəməyənlərin ya ağlı yoxdur, ya da kimlərinsə əlaltılarıdır. Yəni Ermənistanda bu cür müsbət fikirli insanların sayı çoxalır.

İkinci bir tərəfdən, Paşinyan Qarabağ müharibəsində məğlub olandan sonra Rusiya onu hakimiyyətdən devirmək və öz əlaltısını hakimiyyətə gətirmək istəyirdi. Artıq Rusiyanın bu riyakar siyasətini başa düşən erməni xalqı, məğlubiyyətə baxmayaraq, keçən seçkilərdə Paşinyana səs verdilər. Bu görünməmiş hadisə idi ki, müharibədən məğlub çıxan siyasi liderə xalq yenidən etimad göstərib səs verir”.

M.Zülfüqarlının sözlərinə görə, bu o deməkdir ki, artıq erməni xalqı Rusiyanın bu riyakar siyasətindən bezib və nə qədər ki Rusiya bu mövqedədir, onun siyasətinin perspektivinin olmadığını bilirlər. “Nə qədər ki Rusiya bu siyasəti yürüdür, erməni xalqına nicat yoxdur. Ona görə də, qonşuları ilə dil tapıb rahat yaşamağın tərəfdarı olmaq yoluna üstünlük verirlər.

Biz yaxın gələcəkdə bir təhlükəli məsələni nəzərə almalıyıq. O da gələn ilin yayında Ermənistanda keçiriləcək parlament seçkisidir. Rusiya çox istəyər ki, üçüncü (əvvəlki iki cəhdi alınmadı-M.Z) cəhddə Paşinyanı devirib özünün qulbeçələrini, yəni tərəfdarlarını seçkidən qalib çıxarsın, bununla da aranı qatıb münaqişəni daha da qızışdırsın. Amma indiki Rusiya beş-on, iyirmi il əvvəlki Rusiya deyil. İldən-ilə zəifləyə-zəifləyə, itirə-itirə gedir. Ukraynada apardığı müharibədə Rusiya tələyə düşdüyünü hələ də anlamır, öz xalqını da, Ukrayna xalqını da fəlakətə sürükləyir...”

M.Zülfüqarlı hesab edir ki, Rusiya əlini çəkərsə gələcəkdə Ermənistanda sülhpərvər insanların sayı daha da artacaq və XX əsrin əvvəllərində bizim ziyalı babalarımızın irəli sürdüyü “Qafqaz Evi” ideyası nəhayət gerçəkləşəcək.

Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin Bakıdan İrəvana apardıqları sülh mesajlarına gəlincə, M.Zülfüqarlı qeyd etdi ki, Azərbaycanın bu dəyişməz mövqeyi Ermənistan cəmiyyətinə və hakimiyyətinə pozitiv təsir edəcək. “Ermənistan hakimiyyəti də, cəmiyyəti də Azərbaycanın sülh, əminamanlıq, təhlükəsizliklə bağlı mesajlarını çox yüksək dəyərləndirməlidir. Ümumiyyətlə, bu mesaj, bu mövqe bu ölkənin daxilindəki normal qüvvələrə yaxşı mənada təsir göstərəcək. Xüsusən də Paşinyan hakimiyyətinin taleyinə təsir edəcək. Bu, parlament seçkiləri ərəfəsində Paşinyanın mövqeyini daha da gücləndirəcək, xalqın ona növbəti dəfə etimad göstərməsinə imkan verəcək. Paşinyanın mövqeyini dəstəkləyənlərin sayı da artacaq. Erməni xalqı bilməlidir ki, sülhün və təhlükəsizliyin alternativi yoxdur. Azərbaycanın qalib dövlət kimi irəli sürdüyü ağıllı, sülhpərvər təkliflərə Ermənistanda real düşünən insanlar müsbət cavab verməklə, gələcəkdə öz problemlərini köklü surətdə həll etməyi bacaracaqlar”-deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA

Seçilən
56
baki-xeber.com

1Mənbələr