AZ

Rusiya təhdidi fonunda Fransa Prezidenti könüllü hərbi xidmətin bərpasına ümid edir  

Fransa Prezidenti Emmanuel Makron yeni könüllü milli xidmətin konturlarını açıqlamaq üçün Qrenobl yaxınlığındakı Varss şəhərində yerləşən 27-ci dağ piyada briqadasını seçdiyi bildirilir.

AZƏRTAC xəbər verir ki, noyabrın 27-də günorta saatlarında çıxış edəcək dövlət başçısı keçən il orduya ünvanladığı Yeni il müraciətində başladığı bu fikri indi geniş ictimaiyyətə təqdim edəcək. O, gənclərə orduda xidmət üçün yeni çərçivə təklif etmək və öhdəlik hissinə olan ehtiyaca cavab vermək istəyir. Yerli televiziyada qeyd edib ki, ordu–millət paktını gücləndirməliyik. Makron mandatı bitənədək orduda kütlə effektini bərpa etmək, peşəkar əsgərlərin əsas tapşırıqlarına fokuslanmasına imkan yaratmaq və eyni zamanda, cəmiyyətdə dözümlülüyü artırmaq istəyir. Lakin ölkədəki gərgin ictimai atmosfer və prezidentin populyarlığının aşağı olması fonunda bu cəhd diqqətli üslub tələb edir. Gələcək hərbi xidmət yalnız məqsədinin aydın başa düşüldüyü halda dəstək qazana bilər.

Prezident, eyni zamanda, ictimai fikri sakitləşdirməyə çalışır: “Heç bir halda elə bir anlaşılmazlıq olmamalıdır ki, gənclərimizi Ukraynaya göndərəcəyik. Məsələ bundan ibarət deyil”, – deyə o, RTL-də vurğulayıb. Keçən həftə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Mandonun Fransa bələdiyyə başçıları qarşısındakı çıxışı ciddi narahatlıq yaratmışdı. O, Rusiyanın Avropaya hücum edəcəyi halda ölkənin maliyyə və insan baxımından fədakarlığa hazır olmalı olduğunu demiş və qurban verməyə hazır olmayan bir ölkənin risk altında qalacağını qeyd etmişdi. Bu bəyanat anlaşılmazlıq yaratmışdı.

Yeni hərbi xidmət modeli Fransanın mümkün gələcək toqquşmaya hazır olmasını təmin etməyə hesablanıb. Orduda tez-tez xatırladıldığı kimi: “Əsgərlər döyüşür, amma müharibəni millət qazanır”.

Mətbuata sızan məlumata görə, yeni xidmət könüllülük əsasında ilk mərhələdə bir neçə on min gənci, 2035-ci ildə isə təxminən 50 min nəfəri əhatə edə bilər. Xidmət oğlan və qızlar üçün açıq olacaq, 10 ay davam edəcək və ödənişli olacaq. Bu model 2017-ci ildə Makronun istədiyi, lakin pandemiya və qeyri-müəyyənlik səbəbindən heç vaxt formalaşmamış Ümumi Milli Xidməti (SNU) əvəzləyəcək. Lakin hər şey maliyyələşmədən asılıdır. Bildirilir ki, bu xidmət hərbi proqramlaşdırma qanununda nəzərdə tutulmayıb. Layihənin formatından asılı olaraq 1 milyard avroluq ilkin investisiya və hər il yüz milyonlarla avro xərc tələb oluna bilər.

Avropanın bir çox ölkəsi, xüsusilə Krımın işğalından sonra hərbi xidmətə qayıdış qərarı verib. Almaniya da yaxınlarda könüllü xidmətin bərpasını elan edib. Fransa bu modelləri diqqətlə öyrənir.

SSRİ-nin dağılması ilə hərbi xidmət əvvəlki mənasını itirmişdi. Lakin 24 il sonra Fransa üçün yeni dövr başlayır: peşəkar əsgərlər, könüllülər və ehtiyat qüvvələri arasında hibrid bir model qurulur. Ordu rəhbərliyinə görə, əsas məsələ kütlədir. Yeni xidmət müharibə zamanı dəstək verə biləcək səfərbər qüvvə yaratmalı, ehtiyatı 2030-cu ildə 80 minə, daha sonra 100 minə çatdırmalı və hər il peşəkar ordunun heyətini doldurmağa kömək etməlidir. Quru qoşunları hər il 15 min yeni əsgərə ehtiyac duyur və mövcud demoqrafik vəziyyətlə bu, 2030-cu ildə çətinləşəcək. Lakin Fransa ordusunun imkanları məhduddur: xidmətə gələnlər üçün yerləşdirmə və avadanlıq çatışmazlığı mövcuddur. Sursat çatışmazlığı olduğu bildirilir.

Seçilən
41
7
azerbaijan-news.az

10Mənbələr