AZ

"Həmin video məni çox narahat etdi" - Deputatdan sovet simvolları qalmaqalına MÜNASİBƏT

Bakıda sovet simvollarının ictimai məkanda nümayiş etdirilməsi ilə bağlı ikinci ciddi insident baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə bir qrup şəxsin SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərdiyi əks olunub.

Bu barədə Redaktor.az-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, həmin videonu mən də gördüm və çox narahat oldum ki, hələ də bəziləri sovet hakimiyyətinin Azərbaycana nə verdiyini tam dərinliyini başa düşmürlər. 1920-ci ildə Sovet hakimiyyəti qurulmasaydı, milli hökumətimiz ölkəni ayaqda saxlayacaqdı, torpaqlarımız Ermənistana verilməyəcəkdi, iqtisadiyyatımız inkişaf edəcəkdi. Sovet dövründə təbii sərvətlərimizin yalnız bir hissəsi xalqın rifahına sərf edildi.

Deputat bildirib ki, ulu öndər Heydər Əliyevin 1969-82-ci illərdə apardığı siyasət nəticəsində Azərbaycan SSRi dövründə belə bəzi milli maraqlarını qoruya bilib, müstəqillik dövrü isə xalqın bu dövlətə sahib çıxmaq gücünü sübut edib:

“Müstəqilliyimiz göstərdi ki, Azərbaycan xalqı öz dövlətinə layiqdir. Xaricdən müəyyən dairələr yenidən cəmiyyəti sınağa çəkmək istədilər, amma alınmadı. Bütün prosesdə cəmi dörd nəfər iştirak edirdi. Onların arxasınca gedən yoxdur.”

O, Azərbaycan cəmiyyətinin dövlətçiliyə sədaqətinin dəyişməz olduğunu vurğulayıb:

“Bu gün müstəqilliyimizi sevən və qoruyan 10 milyon 300 minlik cəmiyyətimiz var. Bu yolda nümunəvi liderliyini göstərən prezidentimiz, birinci vitse-prezidentimiz, həmçinin canını müstəqillik uğrunda fəda edən şəhidlərimiz var. Onların xatirəsi əbədi yaşayacaq. Hesab edirəm ki, geriyə dönüş yoxdur. Biz yalnız irəli gedirik - müstəqilliyimizin möhkəmlənməsinə və xalqın rifahının yüksəlməsinə doğru.”

Qeyd edək ki, bu cür hal ilk dəfə deyil. Bir müddət əvvəl İmişli rayonunun Sarıxanlı kəndində 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı xatirə kompleksi üzərinə qaldırılıb. Həmin tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun sinəsində “Georgi lenti” olması da müzakirələrə səbəb olmuşdu. O, daha sonra vəzifədən uzaqlaşdırılıb və barəsində cinayət işi başlanılıb.

Aminə ŞAHSUVARQIZI

Seçilən
67
1
redaktor.az

2Mənbələr