AZ

Təhsilin zəruri mərhələsi: ibtidai təhsilin rolu və çağırışları MÜSAHİBƏ

Bakı, 26 noyabr, Xatirə Cəfərova, AZƏRTAC

İbtidai təhsil məktəblinin inkişafının ən həssas və əsas mərhələsi olmaqla, bütün təhsil sisteminin keyfiyyətini müəyyən edən strateji başlanğıc rolunu oynayır. Bu səviyyədə şagirdlərin idrak, sosial-emosional, nitq və məntiqi təfəkkür bacarıqları, öyrənmə səriştələri formalaşır. Təhsilin sonrakı səviyyələri məhz bu baza üzərində qurulur. Təcrübə göstərir ki, ibtidai təhsil səviyyəsində keyfiyyət təmin edilmədikdə şagirdlərin yuxarı siniflərdə akademik uğuru zəifləyir, öyrənmə və dərketmədə çətinlikləri yaranır, motivasiya çatışmazlığı baş verir. Bu səbəbdən də ibtidai təhsilin keyfiyyəti yalnız bu səviyyə üçün deyil, ümumiyyətlə, şagirdlərin təhsilin bütün pillə və səviyyələrində akademik uğurlarının və ömürboyu öyrənmə bacarıqlarının formalaşmasının vacib şərti hesab olunur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov mövzu ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

Keyfiyyətli ibtidai təhsilin nəticələri

Professor Fərrux Rüstəmov bildirib ki, keyfiyyətli ibtidai təhsil şagirdlərin akademik uğurlarının əsasını formalaşdırmaqla yanaşı, onların sosial-emosional inkişafını təmin edir. Keyfiyyətli ibtidai təhsil nəticəsində şagirdlərdə bütün fənlərin mənimsənilməsində təməl rolu oynayan oxu, yazı və riyazi savadlılıq formalaşır. Bu bacarıqlar şagirdin biliyinin davamlı inkişafına zəmin yaradır. Oxu və riyazi savadlılıq şagirdlərdə analitik düşüncə, informasiyanı təhlil etmə və problemləri həlletmə bacarıqlarının formalaşmasına kömək edir; onlarda tənqidi və yaradıcı düşüncə formalaşır ki, bu da problemləri anlama, səbəb-nəticə əlaqələrini müəyyənləşdirmə və məntiqi ardıcıllıqla düşünmə bacarıqlarını inkişaf etdirir, sosial-emosional səriştələri gücləndirir, özünüidarəetmə, əməkdaşlıq, empatiya və sosial adaptasiya bacarıqlarını formalaşdırır. Uşaqlar məktəb həyatında həmyaşıdları ilə əlaqələr qurmağı, birlikdə çalışmağı, məsuliyyəti bölüşməyi öyrənirlər ki, bu da onların fərdi inkişafına və sosial həyata adaptasiyasına imkan yaradır. Həmçinin onlarda öyrənməyə motivasiya yaranır, məktəbə maraq formalaşır, eyni zamanda, sonrakı təhsil səviyyələrinə və pillələrinə psixoloji adaptasiya asanlaşır, V-XI siniflərdə uğurlu və davamlı inkişafı təmin edir, təhsil itkiləri azalır, şagirdlərin akademik nailiyyətləri daha yüksək olur və onlarda ömürboyu öyrənmə bacarıqları formalaşır. Bu isə təhsil sisteminin davamlı inkişafını təmin edən vacib amildir. Deməli, ibtidai təhsilin məzmununun və tədrisinin keyfiyyətli təşkili yalnız müəyyən bir sinif üçün deyil, bütün təhsil prosesi boyunca şagirdin uğuruna və sosial-emosional inkişafına ciddi təsir göstərir, onda zəruri həyati bacarıqlar formalaşdırır.

İbtidai təhsil: uğurlar və perspektivlər

Müsahibimiz Azərbaycanda ibtidai təhsil sahəsində son illərdə əhəmiyyətli uğurlar əldə olunduğunu vurğulayıb. O qeyd edib ki, xeyli yeni məktəb binaları tikilib, mövcud tədris müəssisələri modernləşdirilib, təhlükəsiz və sağlam təhsil mühiti yaradılıb. Milli kurikulum qəbul olunub, beynəlxalq təcrübəyə uyğun şəkildə davamlı olaraq təkmilləşdirilir. Təhsil proqramları şagirdlərin oxu, yazı, riyazi savadlılıq, sosial-emosional və tənqidi düşünmə bacarıqlarının inkişafına yönəldilib. İbtidai siniflər üçün müasir tələblərə uyğun dərslik və dərs vəsaitləri hazırlanıb, multimedia resurslarından tədris prosesində istifadə edilir. Təlimdə interaktiv, oyun və layihəəsaslı öyrənmə metodları geniş tətbiq olunur, rəqəmsal texnologiyalar, simulyasiya və interaktiv lövhələr vasitəsilə tədrisin keyfiyyəti artırılıb, müəllimlərin innovativ və inklüziv təlim metodlarından istifadə bacarıqları gücləndirilib. Şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün standartlar müəyyənləşdirilib. İbtidai təhsil sahəsində sistemli və kompleks şəkildə görülən işlər şagirdlərin akademik və sosial-emosional inkişafına müsbət təsir göstərərək gələcək təhsil səviyyələrində uğur üçün əsas zəmin yaradır.

İbtidai təhsilin keyfiyyətinin yüksəlməsinə mane olan səbəblər

İbtidai təhsildə problemlərin yaranması və keyfiyyətin aşağı olması çoxsaylı amillərlə bağlıdır. F.Rüstəmov bu amillərdən bəzilərini diqqətə çatdırıb: “İbtidai təhsildə məzmunda və kurikulumda mövcud olan çatışmazlıqlar tədris prosesinin keyfiyyətinə birbaşa təsir göstərir. Dərsin məzmununun şagirdlərin yaş xüsusiyyətlərinə və psixoloji inkişaf səviyyəsinə tam uyğun gəlməməsi onların materialı mənimsəməsində, oxuyub-anlamasında çətinlik yaradır. Çünki bu yaş dövründə şagirdlərin idrak imkanları məhdud olur. Nəzəri məlumatların çoxluğu şagirdlərin tətbiqetmə bacarığını zəiflədir ki, nəticədə öyrənmə formal xarakter daşıyır. Fənlərarası inteqrasiyanın yetərincə həyata keçirilməməsi şagirdlərin əldə etdiyi biliklər arasında məntiqi əlaqələrin qurulmasını çətinləşdirir. Bu isə onlarda kompleks düşünmə və tətbiqetmə bacarıqlarının formalaşmasına mane olur”.

Professor qeyd edib ki, Azərbaycanda ibtidai sinif müəllimlərinin davamlı peşə inkişafı mexanizmlərinin formalaşmaması təhsilin keyfiyyətinə birbaşa təsir edən əsas struktur problemlərdən biridir. Vahid mərkəzdən idarə olunan, ardıcıl şəkildə həyata keçirilən peşə inkişafı sistemi olmadığından, müxtəlif layihələr və qısamüddətli təlimlər vasitəsilə müəllimlərin peşəkarlığını yüksəltmək mümkün olmur. Halbuki müasir təhsil sistemində müəllim peşəkarlığının artırılması azı 2–3 ildən bir planlı, mərhələli və ehtiyaclara əsaslanan şəkildə həyata keçirilməli, təhsildə baş verən bütün yeniliklər hər bir ibtidai sinif müəlliminə operativ şəkildə çatdırılmalıdır. Mövcud şəraitdə bu sistemin olmaması, həmçinin ixtisasartırma institutlarının ləğvi prosesi bu sahədə boşluq yaradıb, peşə inkişafı sahəsində koordinasiya və institusional davamlılığı daha da zəiflədib. Bundan başqa, ibtidai sinif müəllimlərinin real təlim ehtiyaclarının araşdırılmaması və bu məsələnin sistemli tədqiqat obyektinə çevrilməməsi planlı peşə inkişafı modelinin qurulmasını daha da çətinləşdirir. Nəticədə, müəllimlərin təkmilləşdirilməsi, ixtisaslarının artırılması özlərinin təşəbbüsünə əsaslanır. Ölkədə ibtidai sinif müəllimlərinin ixtisasının artırılması ilə bağlı vahid standartlar formalaşmadığından, ibtidai təhsilin keyfiyyəti də ciddi risk altında düşüb.

“Məktəblərin infrastruktur və resurs təminatında mövcud olan çatışmazlıqlar ibtidai təhsilin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən əsas amillərdəndir. Bir çox siniflərdə şagirdlərin sayının normadan artıq olması tədris prosesinin səmərəliliyini aşağı salır, fərdiləşdirilmiş və şagirdyönümlü təlimin təşkilini çətinləşdirir. Bundan əlavə, rəqəmsal resursların məhdudluğu, regionlarda internetə çıxış və texnologiya təminatındakı bərabərsiz də ibtidai siniflərdə təhsilin keyfiyyətinin yüksəldilməsinə mane olur. Həmçinin məktəblərdə inklüzivliyi təmin edə biləcək psixoloq, loqopedlərin çatışmazlığı şagirdlərin inkişaf çətinliklərinin vaxtında aşkarlanmasına və müvafiq dəstək proqramlarının həyata keçirilməsinə imkan vermir. Belə şəraitdə inklüziv və diferensiallaşdırılmış təlimin tələblərinə cavab vermək çətin olur. Deməli, infrastruktur və resurs təminatının yaxşılaşdırılması ibtidai təhsilin modernləşdirilməsinin əsas şərtidir”, - deyə F.Rüstəmov bildirib.

Valideynlərin zəif pedaqoji hazırlığı ibtidai təhsilin keyfiyyətinə təsir edən əsas amildir

Valideynlərin zəif pedaqoji hazırlığı ibtidai təhsilin keyfiyyətini azaldan əsas amillərdəndir. Müsahibimiz qeyd edir ki, valideynlərin pedaqoji hazırlığının zəif olması ibtidai təhsilin keyfiyyətinə təsir edən mühüm sosial-pedaqoji amillərdən biridir. Bir çox ailələrin təlim prosesinə lazımi səviyyədə qoşulmaması, məktəb və müəllimlə əməkdaşlığın sistemli şəkildə qurulmaması uşağın öyrənmə motivasiyasını və inkişaf dinamikasını zəiflədir. Ev mühitində öyrənməni stimullaşdıran pedaqoji yanaşmaların və intellektual mühitin olmaması şagirdlərin tapşırıqları yerinə yetirməsi, oxu bacarıqlarının formalaşması və özünənəzarət kimi əsas keyfiyyətlərin inkişafına mane olur. Valideyn–məktəb əməkdaşlığında mövcud olan boşluqlar – valideynlərin məktəb tədbirlərində passiv iştirakı, müəllimlərlə müntəzəm əlaqə saxlamaması, uşağın təlim ehtiyacları barədə məlumatlanmaması ibtidai təhsilin keyfiyyətinə mane olan amillərdəndir. Üstəlik, səriştəli valideynlik modelinin formalaşmaması və pedaqoji maariflənmənin kifayət qədər aparılmaması valideynlərin övladlarının təhsil fəaliyyətinə adekvat dəstək göstərməsini çətinləşdirir. Əksər hallarda dərs qurtaran kimi valideynlərin uşaqlarını məktəbdən tələsik şəkildə aparması, məktəbdə onların sosiallaşmasına, dərsdənkənar fəaliyyətlərdə iştirakına imkan vermir. Deməli, valideynlərin pedaqoji mədəniyyətinin yüksəldilməsi, ailə–məktəb əməkdaşlığının gücləndirilməsi və səriştəli valideyn hazırlığı sisteminin təşkil olunması ibtidai təhsilin keyfiyyətinin təminində əsas şərtlərdən biridir.

Seçilən
68
azertag.az

1Mənbələr