AZ

Opera və Balet Teatrında təmirlə əlaqədar demontaj işləri icra olunur

Azərbaycan Dövlət Opera və Balet Teatrının təmir ilə bağlı yerli və xarici mütəxəssislərin cəlb olunması istiqamətində iş aparılır.

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova deyib.

O bildirib ki, ümumi bərpa işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi üçün həm yerli, həm də xarici aparıcı mütəxəssislərin cəlb olunması üzrə genişmiqyaslı hazırlıq görülür.

“Hazırda səhnə və arxa səhnə hissəsində demontaj işləri mərhələli şəkildə və texniki nəzarət altında icra olunur. Bu, əsaslı yenidənqurma prosesinin ən məsuliyyətli mərhələlərindən biridir. Mütəxəssislərin rəyləri, texniki ekspertizalar və beynəlxalq teatr standartlarına uyğun tələblər nəzərə alınmaqla icraçı təşkilat artıq müəyyən edilib. Bu qərar yenilənmə prosesinin növbəti mərhələyə daha operativ və peşəkar keçidini təmin edir”, - deyə o qeyd edib.

Aynur Kərimova onu da bildirib ki, hazırkı işlərin bütün istiqamətləri teatrın tarixiliyinə xələl gətirmədən, onun funksionallığını, səhnə imkanlarını və texniki infrastrukturunu müasir dünya teatrlarının səviyyəsinə yüksəltməyə xidmət edir: “Bu layihə həm ölkənin mədəni potensialının gücləndirilməsi, həm də Opera və Balet Teatrının uzunmüddətli inkişafı baxımından strateji əhəmiyyət daşıyır”.

Xatırladaq ki, Azərbaycan Dövlət Opera və Balet Teatrında təmir işləri 2023-cü ildən başlayıb. Bu səbəbdən teatrın tamaşalar əsasən, Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasında nümayiş etdirilir.

Seçilən
23
7
bakivaxti.az

8Mənbələr