AZ

Ukraynanın taleyini həll edəcək üç tələb: Kiyev üçünə də “yox” dedi

BAKI, 26 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp böyük irəliləyiş əldə olduğunu açıqlayıb, dövlət katibi Marko Rubio isə Cenevrədəki görüşlərdən sonra danışıqları “çox pozitiv” adlandıraraq qalan maneələrin keçilməz olmadığını bildirib. Amma Vaşinqtonun nikbin bəyanatlarına baxmayaraq, Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı sülh danışıqlarında hələ də ciddi maneələr var.

Teleqraf xəbər verir ki, bu barədə CNN-in məlumatlı mənbələri bildiriblər.

Rusiyalı rəsmilərlə Əbu-Dabidə danışıqlar aparan ABŞ-nin hərbi rəsmisi hətta deyib ki, ukraynalılar bir neçə kiçik detal istisna olmaqla sülh sazişinə razılaşıblar. Amma danışıqlar gedişatı ilə tanış yüksək vəzifəli rəsmi CNN-ə bildirib ki, ABŞ-nin 28 bəndlik planının əksər maddələri üzrə irəliləyiş olsa da, üç əsas məsələ hələ də həll olunmayıb, məhz onlar planın baş tutub-tutmayacağını müəyyən edə bilər.

Donbasın Rusiyaya verilməsi

Mənbənin sözlərinə görə, söhbət Rusiyanın anneksiya etdiyi, amma tam ələ keçirmədiyi Ukraynanın şərq bölgələrindən gedir. Xüsusən də ölkənin müdafiəsi üçün mühüm sayılan möhkəmləndirilmiş şəhərlərdən ibarət “istehkamlar qurşağı”ndan. ABŞ bu zonanın Rusiyanın nəzarəti altında demilitarizasiya olunmuş əraziyə çevrilməsini təklif edir. Ukrayna bununla razı deyil.

Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılması

Vaşinqton 600 minlik limit təklif edir, Kiyev daha yüksək sayda israrlıdır və mətndə dəyişikliklərə nail olmağa çalışır. Müzakirələr davam etsə də, razılaşma yoxdur.

Ukraynanın NATO üzvlüyündən imtinası

Ukrayna bu şərti tamamilə qəbuledilməz adlandırıb. Kiyev hesab edir ki, belə tələb pis bir presedent yaradacaq və faktiki olaraq Rusiyaya alyansın genişlənməsinə veto hüququ verəcək.

Bu üç tələb həm Kremlin uzunmüddətli istəkləri ilə tam üst-üstə düşür, həm də Ukraynanın qırmızı xətləri hesab olunur. Hesab olunur ki, istənilən güzəşt Ukrayna hakimiyyəti üçün ciddi daxili siyasi risklər yarada bilər.

Donald Trampın əminlik dolu açıqlamaları və diplomatlarının optimist bəyanatlarına rəğmən, Ukrayna mənbəsi vurğulayıb ki, danışıqları bir neçə bənd və ya xırda detallara endirmək tamamilə yanlışdır.

Seçilən
10
1
teleqraf.com

2Mənbələr