AZ

Duyğuların gözü ilə qələmə alınmış kitab

Publisist və araşdırmaçı Fazil Rəhmanzadənin yeni işıq üzü görən "Duyğuların gözü ilə… (Jurnalistin cib dəftərindən)" kitabında son illərdə qələmə aldığı müxtəlif janrlı əsərləri toplanıb.

Oxuculara təqdim olunan bu kitabda müəllif insanın şüurunun ən önəmli cəhətlərini ehtiva edən vacib məqamları nəzərə çarpdırır. Kitabda qeyd olunur: "Tanrı insanlara bəxş etdiyi iki görən gözdən savayı, eyni zamanda duyğularının gözləri ilə görməyi də onlara bəxş edib. Bax bu məsələ qeydlərin əsas məğzi və təlqin etdiyi vacib məqamdır".

Müxtəlif səciyyəli, maraqlı qeydlər toplusunu özünəməxsus "Jurnalistin cib dəftərindən" rubrikası altında oxuculara təqdim edən Fazil Rəhmanzadə əvvəlki kitablarında olduğu kimi, bu yeni nəşrdə də qəhrəmanlarının daxili aləmini, mənəvi keyfiyyətlərini, duyğu və düşüncələrini peşəkarlıqla qələmə alıb. Toplunu elə buna görə "Duyğuların gözü ilə..." adlandırıb.

Kitaba fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Salmanov yazdığı "Yaşamağa dəyər, qardaşım" adlı məqaləsində oxucunun diqqətini öncə kitabın adına yönəldir. Müəllif bildirir ki, Fazil Rəhmanzadənin kitaba "Duyğuların gözü ilə…" adının verilməsində böyük məna və məntiq vardır: "Bu, onun içindən gələn bir haraydır. İnsanlığın bütün varlığını ehtiva edən bir nalədir".

Çox mənalı ömür yolu keçən, Azərbaycan milli mətbuat tarixində 65 il məhsuldar yaradıcılıq həyatı yaşayan Fazil Rəhmanzadə kimi ustad sənətkarın belə deməyə tam haqqı çatdığını, çünki onun özünün ailəsində də, dostlar, yaxınlarla münasibətində də, təqdirəlayiq yaradıcılıq fəaliyyətində də həmişə məhz bu kodeksə söykəndiyini bildirən Vaqif Salmanov yazır: "Onun 1974-cü ildə "Jurnalistin cib dəftərindən" rubrikası ilə çapdan çıxmış ilk "Haradasa görüşmüşük"dən başlamış indi əlimizin altında olan yeni əsərinə qədər 30-dan çox irihəcmli publisist kitabının hamısını rövnəqləndirən həmin müqəddəs duyğu müəllifin özünün harayı qismindədir".

"Duyğuların gözü ilə…" kitabına müəllifin müxtəlif mövzularda qələmə aldığı yazıları daxil edilib. "Hikmətin məna çaları" adlı yazısında Fazil Rəhmanzadə dövrünün ən ağıllı təfəkkür sahiblərindən olmuş F.Nitşenin "Zəkanın hər hansı uğuru, irəliyə hər hansı bir addımı - müdriklikdən, özünə amansız münasibətdən, öz-özünə sırf yaxınlıqdan doğur" fikrini dünyanı görə-görə gəlməyin dürüst ekvivalenti hesab edir. Fazil Rəhmanzadənin fikrincə, bu, düşünə-düşünə yaşamağın əxlaqı keyfiyyət təcəssümüdür. Müəllif yazır: "...Napoleonun bir cümləsini cib dəftərimə yazmışam və son zamanlar ona tez-tez nəzər salır, yenidən dərin fikrə dalıram. İmperator yazır ki, "Bütün məğlubiyyətlərimin ən böyük günahkarı mən özüməm"... Bu, doğrudan da, öz-özünə tənqidi yanaşmanın ən bariz nümunəsidir - duyğuların gözü ilə dəyərləndirmənin faktiki təsdiqidir".

Kitaba daxil edilmiş "Qara Qarayev dühası"nda müəllif özünün təbirincə desək: "Öncə tarixi bir məqama kiçik nəzər" salaraq belə bir təsvirlə başlayır: "Yer öz oxu ətrafında fırlanmaqdadır. Faciələr yaşamağa alışmış xalq təbii ki, quruculuqla, yaratmaqla da məşğuldur. Sənət ustalarımız müxtəlif səpkili, rəngarəng mövzuda, ayrı-ayrı sahələrdə əsərlərinə həyat vermişlər".

Belə bir vaxtda - 1952-ci ilin ilıq yaz günlərində küçələrə vurulmuş əlvan afişalar bakılıları opera və balet teatrına - "Yeddi gözəl" baletinin ilk tamaşasına dəvət edirdi. Fazil Rəhmanzadə yazır ki, baletə maraq böyükdü, çünki onun müəllifi dünya şöhrətinin bir addımlığında duran 34 yaşlı bəstəkar Qara Əbülfəz oğlu Qarayevdi. Hələ "Yeddi gözəl"in böyük səhnədə birinci addımı olacaqdı".

Ölməz əsərlər yaradaraq şöhrətin zirvəsinə ucaldığı bir məqamda bəstəkara mane olmağa cəhd edənlər də var idi. Müəllif çox maraqlı faktlar göstərir. O vaxtlar "Bakı" - "Baku" qəzetləri redaksiyasında şöbə müdiri olan Fazil Rəhmanzadə respublikamızda rəhbər vəzifədə çalışan Şıxəli Qurbanovun böyük bəstəkara dəstəyinin şahidi olub. Fazil Rəhmanzadə də o zaman jurnalist kimi üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib.

"Azərbyacanın kapriççiosu" səslənəndə" adlı yazısında isə müəllif başqa bir dünyaşöhrətli bəstəkarımızdan - Fikrət Əmirovdan bəhs edib. Bəstəkarla müsahibəsi 1965-ci ildə "Bakı" qəzetində dərc olunub. Müəllif "Duyğuların gözü ilə…" kitabında o günləri belə yada salır: "Yazı deyəsən onun xoşuna gəlmişdi. Bəlkə elə buna görə də ünsiyyətimiz get-gedə sıxlaşdı, istiləşdi. Ona tez-tez müraciət edir, yaradıcılıq planları, üzərində işlədiyi yeni əsərlər, müxtəlif ölkələrə məqsədyönlü səfərləri barədə oxuculara ilkin məlumat verirdim".

Fazil Rəhmanzadənin "Duyğuların gözü ilə… (Jurnalistin cib dəftərindən)" kitabına daxil edilmiş "İlahinin əvəzsiz töhfəsi" Maestro Niyazı, "Əfsanə"nin əfsanəsi" Arif Məlikov, "Buna necə dözürdün, Müslüm..." Müslüm Maqomayev, "Elmin Lütfizadə zirvəsi" Lütfi Zadə, "Kimlər gəldi, kimlər getdi" Hacıməmməd Qafqazlı və digər yazıları ayrı-ayrı görkəmli sənətkarlar, böyük şəxsiyyətlər barədə maraqlı məlumatlarla zəngindir.

Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan"

Seçilən
41
azerbaijan-news.az

1Mənbələr