AZ

Gələn il sosial rifah və strateji inkişaf siyasəti davam edəcək

2026-cı ildə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında sosialyönlü xərclər yenə də prioritet istiqamətlərdən biri kimi ön plana çıxacaq. Dövlətin həyata keçirdiyi sosial islahatlar, əhalinin rifah halının yaxşılaşdırılması və sosial təminat mexanizmlərinin gücləndirilməsi gələn il üçün müəyyənləşdirilən əsas hədəflər sırasında yer alacaq. Sosial sahəyə yönələn investisiyaların artırılması həm vətəndaşların həyat keyfiyyətinin yüksəlməsinə, həm də dayanıqlı inkişafın təmin olunmasına xidmət edəcək. 

Bu baxımdan Milli Məclisdə "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin birinci oxunuşda qəbulu dövlətin sosialyönlü siyasətini davam etdirməsi və sosial müdafiə sisteminin gücləndirilməsinin əsas hədəf olaraq saxlanıldığını göstərir. Belə ki, gələn ilin dövlət büdcəsində sosialyönlü xərclərin 17,1 milyard manat olmaqla dövlət büdcəsinin 41 faizini təşkil edəcəyi nəzərdə tutulur. Bu ona dəlalət edir ki, sosial müdafiə sisteminin gücləndirilməsi və həssas əhali qruplarının sosial təminatının genişləndirilməsi dövlətin sosial siyasətinin mərkəzində dayanır. Pensiyaların indeksləşdirilməsi, ünvanlı sosial yardım mexanizmlərinin təkmilləşdirilməsi və aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi bu istiqamətdə atılan əsas addımlar kimi qiymətləndirilir. Bununla yanaşı, əmək bazarının modernləşdirilməsi, məşğulluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun azaldılması üçün yeni proqramların reallaşdırılması da gözlənilir.

Sosial xərclərin mühüm bir hissəsi yenə də təhsil və səhiyyə sektorlarına yönəldiləcək. Gələn il təhsil və elm xərclərinə 5,2 milyard, səhiyyə xərcləri üçün isə 2 milyard manat ayrılması planlaşdırılır. Təhsil sisteminin rəqəmsallaşdırılması, məktəblərdə maddi-texniki bazanın gücləndirilməsi və müəllimlərin sosial təminatının yaxşılaşdırılması bu sahədə həyata keçiriləcək başlıca tədbirlərdən olacaq. Paralel olaraq səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, tibbi infrastrukturun yenilənməsi də büdcə xərclərindən kənarda qalmayacaq. 

2026-cı il dövlət büdcəsinin parametrləri formalaşdırılarkən ölkənin makroiqtisadi sabitliyinin qorunması, sosial öhdəliklərin tam yerinə yetirilməsi və iqtisadi inkişafın təşviq edilməsi əsas götürülüb. Qeyd etdiyimiz  iqtisadi və sosial hədəflər dövlət büdcəsinin proqnozlaşdırılmış gəlir və xərclər strukturunda daha aydın görünür. Xatırladaq ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard, xərcləri 41,7 milyard manat məbləğində nəzərdə tutulur. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3,1 milyard manat və ya ÜDM-in 2,3 faizi səviyyəsində proqnozlaşdırılır. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin xərcləri növbəti il üçün proqnozlaşdırılan ÜDM-ə nisbətdə 31,1 və gəlirləri 28,8 faiz təşkil edəcək.

2026-cı il üçün proqnozlaşdırılan dövlət büdcəsinin gəlir strukturu Azərbaycanın iqtisadi modelinin əsas dayaqlarını bir daha ortaya qoyur. Gəlirlərin 42,6 faizi, yəni 16,4 milyard manatlıq hissəsi hələ də ölkə iqtisadiyyatının strateji sütunu olan neft-qaz sektorunun payına düşür. Rəqəm enerji sektorunun maliyyə sabitliyində mühüm rol oynamaqda davam etdiyini göstərsə də, büdcə daxilolmalarının tam şəkildə bu sahədən asılı olmadığı da aydın görünür. Başqa sözlə, gəlirlərin 57,4 faizi və ya 22,2 milyard manatının qeyri-neft-qaz sektorundan əldə olunacağı gözlənilir. Qeyri-neft sektorundan əldə olunan bu pay həm də ölkənin uzunmüddətli inkişaf strategiyasının neftdənkənar mənbələrə söykənməsinə doğru addım-addım irəlilədiyini sübut edir. Bununla belə büdcə gəlirlərində xüsusi yer tutan daha bir mənbə Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transferlərdir. Gələn il üçün bu məbləğ 12,8 milyard manat səviyyəsində proqnozlaşdırılır. Xüsusi vurğulayaq ki, transferlər sosial proqramların maliyyələşdirilməsində və iqtisadi sabitliyin qorunmasında mühüm rol oynamaqla yanaşı, büdcənin maliyyə imkanlarını gücləndirir. 

Növbəti il üçün də müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin gücləndirilməsi dövlət büdcəsinin ən vacib istiqamətlərindən biri olacaq. Regionda dəyişən geosiyasi reallıqlar, təhlükəsizlik çağırışlarının artması və ölkənin strateji mövqeyinin qorunması bu sahəyə ayrılan vəsaitin əhəmiyyətini artırır. Elə buna görə də gələn il müdafiə və təhlükəsizlik məqsədləri üçün dövlət büdcəsinin 21 faizi həcmində, yəni 8,7 milyard manat vəsaitin yönəldilməsi planlaşdırılır. Bu, təkcə hərbi potensialın gücləndirilməsi deyil, həm də ölkənin uzunmüddətli təhlükəsizliyinin təmin edilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirilir.

Növbəti ilin dövlət büdcəsində xərc istiqamətləri arasında ən önəmli yerlərdən birini Böyük Qayıdışa dair I Dövlət Proqramının maliyyə təminatı tutur. Azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinin davam etdirilməsi, infrastrukturun yenidən yaradılması, sakinlərin öz doğma torpaqlarına təhlükəsiz və rahat qayıtması dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qalmaqdadır. Bunları həyata keçirmək üçün 2026-cı il büdcəsində 3,5 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. 

Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Seçilən
25
azerbaijan-news.az

1Mənbələr