AZ

Mərkəzi Asiya və Qafqazın artan geosiyasi və geoiqtisadi üstünlükləri 

Azərbaycan Respublikasının 2025-ci il noyabrın 16-da Daşkənd şəhərində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı hüququ alması tarixi və coğrafi faktorlar baxımından vahid olan geosiyasi məkanda qərarlaşan dövlətlərin fəaliyyətlərinin əlaqələndirilməsi üçün yeni bir platformanın yaradılması deməkdir. Beləliklə, mədəni, dini, digər ortaq dəyərlərlə birləşən məkanın həm də siyasi müstəvidə birliyi üçün yeni mexanizm formalaşdırılır. Bu, münasibətlərin çoxtərəfli formatda perspektivdə institutlaşdırılması yolunda atılan ilk addımdır. 

Yeni məşvərət formatının siyasi və beynəlxalq əhəmiyyəti

Bu qərar hazırkı mərhələdə çoxtərəfli əməkdaşlıq müstəvisində dönüş imkanları yaradılması baxımından olduqca vacib əhəmiyyətə malikdir. Daşkənd razılaşması Azərbaycanın postmünaqişə dövrü xarici siyasət kursunda, çoxtərəfli diplomatik müstəvidə Prezident İlham Əliyevin strateji baxışlarına uyğun atılan növbəti uğurlu addımdır. Azərbaycan Prezidentinin Daşkənd görüşündə dediyi sözlərlə ifadə etsək, "Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur". Bu format mövcud siyasi, iqtisadi, enerji və nəqliyyat potensialından daha optimal formada və dinamik şəkildə istifadə imkanları yaradır. 

Regional problemlərin həllində ümumi yanaşmaların işlənib hazırlanmasında yeni format müəyyən bir funksiyaya malik olacaq. Eləcə də qlobal çağırışlar fonunda oxşar və eyni mövqenin işlənib hazırlanması, mövqelərimizin əlaqələndirilməsi baxımından da yeni formatda əməkdaşlıq Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə daha da yaxınlaşdıracaq.

Yeni formatda bərabərhüquqlu tərəfdaş statusunda yer almaq həmçinin Azərbaycanın dinamik artan beynəlxalq nüfuzunun regional səviyyədə və yeni bir platformada bir daha təqdir olunması deməkdir. Bu həm də şanlı zəfərimizdən sonra beynəlxalq mövqeləri möhkəmlənən Azərbaycana, onun lideri Prezident İlham Əliyevin yeni siyasi reallıqları əsk etdirən sülh və əməkdaşlıq gündəliyinə Mərkəzi Asiya dövlətlərinin verdiyi dəyərdir. 

Azərbaycanın yeni platformada təmsilçiliyini Özbəkistan Prezidenti Mirziyoyev "tarixi gün" və "Mərkəzi Asiya xalqlarının maraqlarına cavab verən strateji addım", Qazaxıstan Prezidenti Tokayev "tarixi qərar", Qırğızıstan Prezidenti Æaparov isə "yeni imkanların açılması" kimi dəyərləndirmişdir.

Mərkəzi Asiya ilə strateji tərəfdaşlıq və son 3 ildə 37 qarşılıqlı səfər

Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında son illər yüksəksəviyyəli qarşılıqlı səfərlər müntəzəm xarakter alıb. Son üç ildə Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya ölkələrinə 14 dövlət və işgüzar səfər həyata keçirib. Eyni dövrdə beş Mərkəzi Asiya dövlətinin başçısı Azərbaycana 23 dəfə səfərə gəlib. Xüsusi əhəmiyyəti ilə seçilən bir nəticəni vurğulamaq lazımdır. Azərbaycan Mərkəzi Asiyanın 5 üzv dövlətinin hər biri ilə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb. Qazaxıstan və Özbəkistanla isə münasibətlərimizin müttəfiqlik səviyyəsinə qaldırılması beynəlxalq müqavilə ilə təsbit olunub. 

Həmçinin müxtəlif çoxtərəfli formatlarda, məsələn, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, xüsusilə Tacikistan xaric, digər 4 dövlətlə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uzun illərdir əməkdaşlıq edilir. TDT çərçivəsində yer alan 35 sahəvi əməkdaşlıq sırasına regional təhlükəsizlik, müdafiə sənayesi və hərbi sahənin əlavə edilməsi və ya mövcud əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi cari il oktyabrın 7-də TDT-nin Qəbələdəki 12-ci Zirvə Görüşündə təsdiqlənib. 

Orta dəhliz və onun Zəngəzur/TRIPP seqmentinin strateji rolu

Azərbaycan Respublikası bu formata malik olduğu çox vacib resurslarla gəlir. Bunların arasında Azərbaycanın Zəfərdən sonra yaratdığı yeni siyasi reallığın üstünlüklərini özündə birləşdirən və Cənubi Qafqaz regionunun coğrafiyasını aşan əməkdaşlıq strategiyasında Mərkəzi Asiya dövlətləri ilə əlaqələri daha da intensivləşdirmək siyasəti yer alır.

Mərkəzi Asiya dövlətlərinin əlavə marşrut vasitəsilə Avropa və dünya bazarına çıxmasında və əks istiqamətdə mühüm əhəmiyyətə malik Zəngəzur dəhlizinin (TRIPP) 2028-ci ildə istifadəyə verilməsi ilə yeni imkanlar açılacaq və münasibətlər daha da intensivləşəcək. Bu mənada yeni məşvərət formatı Orta Asiya dövlətlərinin Cənubi Qafqaz regionuna, Qara dəniz hövzəsinə çıxışı, qardaş Türkiyə ilə münasibətləri daha da intensivləşdirmək baxımından olduqca önəmlidir. Xəzər hövzəsinin qərbində yerləşən Azərbaycan üçün isə yeni format Xəzər hövzəsinin şərqinə, Mərkəzi Asiya məkanına çıxış, həmçinin Çinlə əməkdaşlığımızın möhkəmləndirilməsində olduqca vacibdir. 

Yaradılan infrastruktur, nəqliyyat və tranzit üçün inşa edilən avtomobil və dəmir yolları, neft, qaz, eləcə də "yaşıl enerji" sahəsində həyata keçirilən layihələr Azərbaycanı Mərkəzi Asiya dövlətləri üçün müxtəlif sahələrdə vacib və etibarlı tərəfdaşa çevirib. Məsələn, Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi qlobal bazarlara "yaşıl enerji"nin birgə ixracı üçün böyük perspektivlər açır. 2024-cü ilin noyabrında Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerjinin inkişafı və ötürülməsi barədə Anlaşma Memorandumu imzaladılar. Cari ilin aprelində isə Bakıda təşkil edilən "Cənub qaz dəhlizi" və Yaşıl Enerji Məşvərət şuralarının iclasları çərçivəsində hər üç ölkə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı ilə "Xəzər Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının ilkin mərhələsinə dəstək barədə sənəd imzaladılar. Gürcüstan, Bolqarıstan, Rumıniya və Macarıstanın da bu təşəbbüsə qoşulması "yaşıl enerji"nin Avropa bazarına çıxarılması üçün imkanlar yaratmaqdadır. Dünya Bankının bu layihənin icrasına ilkin mərhələdə 34 milyon dollar ayırması onun cəlbedici perspektivini təsdiləyir.

"Rəqəmsal İpək yolu" layihəsinin tərkibi kimi Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi yeni və müasir bir sahədə uzunmüddətli  əməkdaşlıq üçün imkanlar açır. 

Zəngəzur dəhlizi (TRIPP) həmçinin türk dövlətlərinin iqtisadi, ticarət əlaqələrinin intensivləşdirilməsi, nəqliyyat-tranzit imkanlarının birləşdirilməsidir. Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə çıxışında vurğuladığı kimi: "Əminəm ki, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə malik bu dəmir yolu Orta dəhlizin əsas arteriyasına çevriləcək". 

Mərkəzi Asiyanın bütün dövlət başçıları nəqliyyat-tranzit və logistika sahəsində əməkdaşlığın əhəmiyyətini vurğuladılar. 

"C5+1" formatında əməkdaşlıq və Azərbaycan

"C5+1" formatının 10-cu ildönümünü qeyd etmək məqsədilə Vaşinqtonda səfərdə olan beş Mərkəzi Asiya dövlətinin prezidentləri noyabrın 7-də Mərkəzi Asiya dövlətləri və ABŞ arasında baş tutan Zirvə görüşündən sonra iki birgə bəyanat imzaladılar: İqtisadi sahədə niyyətə dair Birgə Bəyanat və Mədəni irs sahəsində niyyətə dair Birgə Bəyanat. Həmçinin ABŞ hər bir dövlətlə ayrılıqda ikitərəfli Məlumat arayışı (fact sheet) imzaladı və orada ikitərəfli əməkdaşlığın ümumi konturları və faktlar yer aldı.

Amerikalı ekspertlər bu sənədləri, orada yer alan əməkdaşlıq perspektivlərini "C5+1" platformasının genişmiqyaslı çoxtərəfli diplomatiya platformasından iqtisadi sahəyə yönəlmiş formata keçidi kimi dəyərləndirdi. "Regiondakı bəzi ölkələr üçün daha çox ikitərəfli əməkdaşlığa meyillənən bir format" çoxşaxəli əməkdaşlıq üçün də imkanlar yaradır. 

İqtisadi sahədə niyyətə dair Birgə Bəyanat üç strateji vacib sahədə əməkdaşlığı təsbit edir. Bu sahələrdən biri "Trans-Xəzər Ticarət Marşrutu və Bağlantı" başlığı ilə sənədə daxil edilmişdir. 

Bu sənəddə Trans-Xəzər marşrutunun və TRIPP marşrutunun əhəmiyyətinin vurğulanması ABŞ hökumətinin regiona yönəlik uzunmüddətli strateji maraqlarından xəbər verir. Bu marağı və əməkdaşlıq strategiyasını "C5+1" liderləri Birgə Bəyanatda ifadə etdilər: "C5+1" ölkələrinin və dünyanın mənafeyi naminə yükün, məlumatın və enerjinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Trans-Xəzər Ticarət Marşrutunun (başqa adı ilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) potensialını tam şəkildə inkişaf etdirməklə və onu Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) ilə əlaqələndirməklə təchizat zəncirinin bağlantısını və dayanıqlılığını gücləndirmək".

Həmçinin Birgə Bəyanatın Ticarət, İnvestisiyalar və Kritik Minerallar bölməsində qeyd edildi ki, Orta dəhlizin və onun vacib seqmenti Zəngəzur Dəhlizi/TRIPP marşrutunun uzunmüddətli və dayanıqlı fəaliyyətinin əsasını təşkil edən kritik vacib mineralların istehsalı və tədarükü sahəsində əməkdaşlığa dair dialoq təsis olunur: "C5+1" Çərçivəsində Kritik Minerallar Dialoqu üzrə əməkdaşlığı davam etdirmək, geoloji kəşfiyyat, mədənçıxarma və emal sahələrində investisiya imkanlarını irəli aparmaq, eləcə də əlavə dəyər yaradan istehsalın - o cümlədən aşağı axın sənayelərinin - inkişafını təşviq etməklə Mərkəzi Asiyanın kritik minerallarını qlobal dəyər zəncirinə qoşmağa kömək etmək".

Kritik Minerallar Dialoqunun hədəfi "C5+1" formatında ticarət və investisiyalar sahəsində əməkdaşlığın intensivləşdirilməsi niyyəti ilə vacib nadir metalların işlənməsi və Mərkəzi Asiyadan ABŞ-yə ixrac sahəsində əməkdaşlığın sistemləşdirilməsidir.

Mərkəzi Asiya Dövlətlərinin 7-ci Məşvərət Görüşündə çıxış edən Qırğız Respublikasının Prezidenti Sadır Æaparov "qardaş Azərbaycanın iştirakının əməkdaşlığın daha da inkişafı üçün yeni imkanlar açacağına əminliyini" ifadə edib və "regionda yeni bir nəqliyyat arteriyası formalaşdığını" vurğulayıb: "Strateji əhəmiyyətli "Çin-Qırğızıstan-Özbəkistan" dəmir yolunun tikintisi sadəcə birləşdirici rol oynamayacaq, həm də logistikanı yenidən formalaşdıraraq ölkələrimizə Asiya və Avropanın ən böyük bazarlarına ən qısa çıxış imkanı yaradacaq. Bu kontekstdə Zəngəzur dəhlizinin (TRIPP) tikintisi layihəsi "Çin-Qırğızıstan-Özbəkistan" dəmir yolunun məntiqi və strateji davamı kimi görünür". Prezident Æaparov "Nəqliyyat sahəsində qarşılıqlı əlaqənin səmərəliliyini artırmaq məqsədilə gömrük məlumatlarının mübadiləsi və icazəverici sənədlərin "bir pəncərə" prinsipi əsasında rəsmiləşdirilməsi üçün vahid elektron platforma - "Rəqəmsal Tranzit Dəhlizi" hazırlanıb tətbiq edilməsini təklif edib.

Ermənistan güc tətbiqi və deportasiya siyasəti ilə regionun demoqrafik xəritəsini dəyişmək üçün səylər göstərəndə, hərbi vasitələrlə, təcavüzkar müharibə vasitəsilə region dövlətlərinin beynəlxalq sərhədlərini dəyişməyə cəhd edəndə Azərbaycan fərqli siyasət yürüdürdü. Azərbaycan regionun və Avrasiyanın enerji və nəqliyyat-tranzit xəritəsinin yenidən tərtibi üçün öz resursları hesabına uğurlu enerji və nəqliyyat diplomatiyası həyata keçirdi. 14 dövləti qazla təchiz edən Azərbaycan dünyada boru xətləri ilə ən böyük qaz təchizatçısı şəbəkəsini yarada bildi. Zaman Prezident İlham Əliyevin bu siyasətinin nə qədər uzaqgörən olduğunu təsdiq edir. 

Rizvan NƏBİYEV,

Milli Məclisin deputatı, siyasi elmlər doktoru

Seçilən
13
azerbaijan-news.az

1Mənbələr