Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Sosial məsələlər üzrə təhlilçilər artan boşanmaların səbəbləri arasında yer alan əsas amillərdən birinin xəyanət olduğunu bildirirlər. Bəzi xarici ölkələrin qanunvericiliyində, xəyanətə görə mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət edərək təzminat almaq mümkündür. Lakin Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu mümkün deyil. Azərbaycan Respublikasının Ailə və Mülki Məcəllələrində konkret olaraq bu halı tənzimləyən norma yoxdur. Məhkəmələrdə boşanmalar zamanı xəyanətin motivi nəzərə alınmır və mənəvi zərər məsələsinə baxılmır.
Bəs bu praktika ölkəmizdə tətbiq edilə bilər?
Mövzu ilə bağlı hüquqşünas Babək Qocayev Gununsesi.info-ya danışıb.
O bildirib ki, Azərbaycan qanunvericiliyində, xəyanətə görə təzminat almaq praktikası mövcud deyil.
“Bu istiqamətdə hər hansı bir məsuliyyət nəzərdə tutulmayıb.Bizdə uzaqbaşı əgər qadının xəyanəti uşaqların psixologiyasına təsir göstərirsə, kişi iddia qaldırıb övladlarını qadının himayəsindən ala bilər. Bu vəziyyət qadınlara da şamil edilir. Xəyanətə görə boşanmalar zamanı istər qadın, istərsə də kişi heçnə əldə edə bilmirlər. Türkiyədə isə boşanmalar zamanı xəyanətə görə mənəvi təzminat tələb edilə bilir. Ölkəmizdə bu tətbiq təklif olunsa belə, həyata keçiriləcəyinə inanmıram. Ona görə ki, boşanma zamanı qarşılaşdığımız ən başlıca səbəb məhz xəyanətdir.
Kansitutsiyaya görə, ailə və uşaq dövlətin himayəsindədir. Boşanmış uşaqlı və işsiz qadınların sosial müdafiəsinin təmin olunması və rifahının yaxşılaşdırılması ilə bağlı xarici ölkələrdə bır sıra işlər görülür. Belə ki, ana övladına baxa bilməsi üçün dövlət hesabından vəsait ayrılır ki, bununla uşaq sağlam və təhsilli böyüyə bilsin. Bizdə bu yoxdur. Bildiyim qədərilə ölkəmizdə də bənzər qaydaların tətbiq olunması ilə təkliflər var idi. Dövlət Aliment Fondunun yaradılması nəzərdə tutulurdu. Lakin qadınların bilərək boşanacağını düşündükləri, vəziyyətdən sui-istifadə hallarının yaşanacağı üçün həyata keçmədi. Keçdiyi təqdirdə isə, aylıq alimenti ödəməyən kişilərin əvəzinə o vəsaiti sözügedən fond qarşılayacaqdı. Çünki tərəflər boşandıqda uşağın bu məsələdə heç bir təqsiri yoxdur. Boşandıqdan sonra da kişi işləmədiyini, alimenti ödəyə biləcək gücə sahib olmadığını deyir. Bu məqamda ailə dövlətin himayəsində olduğu üçün bunu da dövlət qarşılamalıdır”.
Onun sözlərinə görə, sosial müdafiə ilə bağlı konkret olaraq ailə məcəlləsində göstərilir ki, boşanmadan sonra övladın saxlanması üçün valideyn digərindən aliment tələb edə bilər.
“Ailə məcəlləsində qeyd olunanlar sırf bunlardan ibarətdir. Baş verəcək dəyişikliklər isə qanunverici orqanın səlahiyyətində olan bir mövzudur. Daha yaxşı olar ki, aliment tələbləri ilə bağlı aliment fondunun yaradılması ideyası həllini tapsın. Fond yaradılacağı təqdirdə artıq alimentin ödənişində olan problemlər aradan qaldırılacaq”.
Ayşən
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.