AZ

Birinci Qarabağ müharibəsi şəhidləri barədə xatirə kitabları nə vaxt buraxılacaq?...


Afina Qurbanova: “Xatirə Kitabı Redaksiyası Birinci Qarabağ şəhidlərinin xatirələrini də əbədiləşdirərsə, bununla həm tariximizə böyük töhfə vermiş, həm də bizi sevindirmiş olar”

Birinci Qarabağ müharibəsində şəhid olan Vətən övladlarının hər birinin xatirəsini kimliyindən, tutduğu vəzifədən, daşıdığı statusdan asılı olmayaraq hər kəs üçün əziz olmalıdır.

Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda canını fəda edən hər bir şəhid bu xalqın qan yaddaşında, tarixində əbədi yaşamalıdır, yaşayır da. Azərbaycan xalqı şəhidinə sahib çıxan xalqdır. Amma təəssüf ki, bəzi dövlət qurumları Birinci Qarabağ müharibəsi şəhidləri ilə İkinci Qarabağ müharibəsi şəhidləri arasında ayrıseçkilik edir. Bu da Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, həyat yoldaşlarına, övladlarına pis təsir edir.

“Biz o kitabların yolunu böyük intizarla gözləyirik”

Birinci Qarabağ müharibəsi şəhidi baş leytenat Qurbanov Telman Qara oğlunun həyat yoldaşı Qurbanova Afina Qəmbər qızı “Bakı-Xəbər”ə müsahibəsində bildirdi ki, bəzi məmurlar Birinci Qarabağ müharibəsi şəhidlərinə, onların ailə üzvlərinə laqeyd yanaşırlar, bu da onları incidir. A.Qurbanova ilə Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Xatirə Kitabı Redaksiyasında görüşdük.

A.Qurbanovanın sözlərinə görə, həyat yoldaşı Telman Qurbanov 1993-cü ildə ulu öndər Heydər Əliyevin çağırışına səs verərək cəbhəyə gedib: “Yoldaşım 1994-cü ilin fevralında Ağdərə uğrunda gedən döyüşlərdə şəhid oldu. Birinci Qarabağ müharibəsində bacımın həyat yoldaşı bir qolunu itirib. Qardaşım da, qaynım da müharibə iştirakçısıdır, onlar da Birinci Qarabağ savaşında düşmənə qarşı vuruşublar. Həyat yoldaşım şəhid olanda qızım bağçaya, oğlum isə birinci sinfə gedirdi. O, könüllü olaraq əvvəlcəBeyləqana gedib, bir neçə müddət orada qalıb, sonra isə Ağdərəyə gedərək qızğın döyüşlərə qatılıb və şəhidliyə qovuşub.

Mən heç vaxt şəhid adından istifadə etməyi sevməmişəm. Maraqlananlar araşdırıb öyrənə bilərlər. Mən hətta uzun illər uşaqlarıma pensiya almamışam və çox sonralar almışam. Ən azı dörd-beş il mən qaynımı uşaqlarım üçün pensiya düzəltdirməyə qoymamışam. Qaynım pensiya düzəltmək istəyəndə demişəm ki, mən o pulu alıb yeyə bilmərəm...

Övladlarımı qardaş-bacı çörəyi ilə böyütmüşəm, hər iki övladım ali təhsillidir. Qızım Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini, oğlum Dövlət İqtisadUniversitetini bitirib. İnanın ki, oxuduqları ali məktəbdə heç kim onların şəhid övladı olduqlarını bilməyib. Savadlı idilər, özləri oxuyublar. Sovetin dağılan vaxtları idi, zavodlar, müəssisələr işləmirdi, təbii ki, mən də evdə idim, işləmirdim. O çətin dövrlərdə qardaş-bacı çörəyi ilə iki övlad böyütdüm. Amma son üç-dörd ilə qədər heç bir dövlət qurumunun qapısını döymədim. Son üç-dörd ildə sağlamlıq problemimlə əlaqədar müəyyən qapıları döyməyə məcbur oldum. Sağlığımda ciddi problemlərim var. Uzun illərdir Gürcüstanda və Türkiyədə müalicə olunuram. 6 il həmin ölkələrə öz xərcimlə gedib-gəlmişəm, Bakıda da öz hesabıma müalicə olunmuşam. Bu üç-dörd ildə də niyə mən dövlət qurumlarına müraciət etdim? Müraciətimin səbəbi odur ki, mənə quru yolla Gürcüstana getməyə icazə versinlər. Bütün sənədlərimi, analizlərimi və sairi təqdim etdim ki, mən ora gəzməyə yox, müalicəyə gedirəm, mənə şərait yaradın. Çox təəssüflər olsun ki, bəzi qurumlarda ögey münasibətlə qarşılaşıram. Deyəndə ki, Birinci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşıyam, yaxşı qarşılamırlar. Onların münasibətindən çox narazıyam. Bəzi məmurlardan ona görə narazılığım var ki, onlar Birinci Qarabağ müharibəsi şəhidlərinin adlarını eşitmək istəmirlər, laqeyd yanaşırlar. Birinci Qarabağ müharibəsində bizim yoldaşlarımız şəhid olmasaydı bu gün bu sözü deyənlər də olmazdı. İkinci Qarabağ müharibəsində həlak olanlara, bütün şəhidlərimizə canım qurban. Bu müharibədə şəhid olanlar Birinci Qarabağ müharibəsində qanları ilə tarix yaradanların davamçılarıdır. Birinci Qarabağ şəhidlərini unudanlar ulu öndəri unutmuş olublar. O oğullar ulu öndərin ətrafında birləşib, onun çağırışı ilə döyüşlərə gediblər. Müstəqil Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyevdir. Biz Birinci Qarabağ Müharibəsində torpaqlarımızın 20 faizini itirsək də, Azərbaycanın bir dövlət kimi güclənməsininin şahidi olduq, güclü ordumuz, güclü iqtisadiyyatımız var.Birinci Qarabağ müharibəsində torpaqlarımızın işğal olunmasının günahkarı şəhidlərimiz və veteranlarımız deyillər, keçən əsrin 90-cı illərinin əvvəllərindəki vəziyyəti heç kəs unutmasın, ordumuz, silahımız yox idi, ölkənin daxilində baş verənləri hər kəs bilir. Şəhidlərimiz, oğullarımız əli yalın vəziyyətdə sinələrini düşmənə sipər ediblər”.

Afina xanım təəssüflə bildirdi ki, hətta anım tədbirlərində Birinci Qarabağ şəhidlərinin şəkilləri də nümayiş olunmur, bu da onları çox incidir. “Keçən il noyabrın 8-də - Zəfər günündə yoldaşımın adını daşıyan nəvəmlə Xırdalanda mağazaya gedirdik. Nəvəm üçüncü sinifdə oxuyur. Dedi, nənə, olarmı əvvəlcə parka gedək mən bir az maşın sürüm, sonra mağazaya gedək? Dedim, yaxşı nənə qurban, gedək. Xırdalan parkında ulu öndərin abidəsinin önündə hərbi geyimli, sinəsi medallı veteranlar dayanmışdı. Uşaq əlimi buraxıb qaçıb onların yanına getdi. Gedib orda hərbi salam verib “mən də baş leytenant Telman Qurbanovam” dedi. Özünü babasına bənzədib. Mən ora çatanda gördüm ki, uşağın başını oxşayıb onunla danışırlar. Çatıb onlara salam verdim, söhbət etdim. Abidə ilə üzbəüzdə yerləşən Heydər Əliyev Mərkəzindən əllərində şəhidlərin şəkilləri olan məktəblilər çıxırdı. Nəvəm bizi qoyub əlində şəkil olan uşaqların yanına qaçdı. Qızımın oğlu da 8-ci sinifdə oxuyur. Dedi ki, nənə, qardaşım ordadır, indi babamın şəkli ilə çıxacaq. Mən də uşağın ardınca getdim, uşaqlar əllərində şəkil mərkəzdən çıxanda gördü ki, qardaşı da yoxdur, babasının şəkli də, ağlamağa başladı. Nəvəm soruşdu ki, nənə, mənim babam şəhiddir, bəs onun şəkli niyə yoxdur? Gördüm ki, içəridən kostyimlu-qalstuklu adamlar çıxdılar, bir nəfər mənə dedi ki, xanım şəhidlərlə bağlı tədbirdir, çəkiliş gedir, uşağı sakitləşdirin. Mən də ona dedim ki, siz uşaqdan soruşun görün niyə ağlayır. Soruşdular ki, niyə ağlayırsan? Nəvəm dedi ki, mənim babam şəhid baş leytenant Qurbanov Telmandır, mən də onun adını daşıyıram, burada babamın şəkli niyə yoxdur? Mən də dedim ki, biz şəhid ailəsiyik. Soruşdular ki, Birinci Qarabağ? Onun orda göstərdiyi münasibət, əlini yelləyib“eyyy Birinci Qarabağ müharibəsi şəhidi” deməsi məni çox incitdi, çox ağır təsir etdi. Elə bil başımdan bir qazan qaynar su töküldü. Şəhidin bir adı var - şəhid. Başa düşə bilmirəm, siz niyə Birinci Qarabağ müharibəsi şəhidlərinə belə laqeydsiniz? Birinci Qarabağ müharibəsi şəhidlərini unudan ulu öndəri unutmuş olur. Mənim həyat yoldaşım ulu öndərin çağırışına qoşulub döyüşə gedib şəhid olub. O məmurlar, o biganə kəslər cənab Prezidentdən nümunə götürsünlər. Prezident vətən uğrunda şəhid olan hər bir vətəndaşın xatirəsinə böyük ehtiramla yanaşır.

Mən orada o vəzifəli adamlara dedim ki, niyə Vətən müharibəsinə getmədiniz? Yəqin sizin dayınız, əminiz də nazirdir, deputatdır. Bu dövlətin var olması üçün bizim əzizlərimiz 31-32 il əvvəl gedib sinələrini düşmənə sipər ediblər, sizin dayılarınız, əmiləriniz isə burada yüksək kürsülərə, vəzifələrə yiyələniblər”.

A.Qurbanova bildirdi ki, Xatirə Kitabı Redaksiyasının İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün buraxdığı nəşrlər çox qiymətlidir. A.Qurbanova dedi ki, onlar da Birinci Qarabağ şəhidləri ilə bağlı belə kitabların nəşr edilməsini arzulayırlar. “Vətən müharibəsi şəhidlərinə necə ki, diqqət göstərilir, eləcə də Birinci Qarabağ müharibəsi şəhidlərinə diqqət göstərilsin.Çox istərdim ki, Xatirə Kitabı Redaksiyası Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı da ensiklopedik kitablar, cildliklər buraxsın. Xatirə Kitabı Redaksiyası Birinci Qarabağ şəhidlərinin xatirələrini də əbədiləşdirərsə, bununla həm tariximizə böyük töhfə vermiş, həm də bizi sevindirmiş olar. Sizin redaksiyaya gəlməkdə məqsədim elə budur. Biz belə nəşrləri sizdən gözləyirk. Bu Birinci Qarabağ müharibəsi şəhidlərinin yaxınlarının ən böyük arzusudur”-deyə A.Qurbanova bildirdi.

A.Qurbanova əlavə etdi ki, onların əzizləri haqında ensiklopedik məlumatların əks olunduğu ayrıca cidlliklərin çap olunmasını Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri intizarla gözləyir: “Biz o kitabların yolunu böyük intizarla gözləyirik”.

Qeyd edək ki, şəhid baş leynetant Telman Qurbanov 1958-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Darvaz kəndində müəllim ailəsində doğulub, 9-10-cu sinfi Xırdalan şəhəri 2 nömrəli məktəbdə oxuyub, burdan məzun olub. İndiki Texniki Universiteti bitirdikdən sonra təyinatla Xırdalan Pivə Zavodunda mühəndis kimi fəaliyyətə başlayıb. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Qarabağın müdafiəsi ilə bağlı çağırış edib və T.Qurbanov da digər Vətən oğulları kimi Heydər Əliyevin çağrışına səs verənlərdən olub və cəbhəyə gedib. 1994-cü ilin fevral ayının 18-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.

İradə SARIYEVA

Seçilən
17
baki-xeber.com

1Mənbələr