AZ

Moskva profisitdə, regionlar çöküşdə: büdcə uçurumu dərinləşir

Rusiyanın regionlarında büdcə vəziyyəti kəskin şəkildə pisləşib: bu ilin doqquz ayında ölkənin 56 subyekti ümumilikdə 169,2 milyard rubl (təxminən 1,74 milyard dollar) kəsirlə üzləşib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Ekspert RA” portalı məlumat yayıb.

Halbuki ötən il eyni dövrdə həmin regionlar 850 milyard rubla yaxın (təqribən 8,76 milyard dollar) profisit göstərmişdilər. Vəziyyətin bu dərəcədə dəyişməsinin əsas səbəbi kimi regionların xərclərinin gəlirlərdən xeyli sürətlə artması göstərilib. Belə ki, xərclər ötən illə müqayisədə 14,6 faiz, gəlirlər isə cəmi 6,9 faiz yüksəlib; nəticədə bölgələrin ümumi gəlirləri 16 trilyon rubla (təxminən 164,9 milyard dollar) çatsa da, artım xərclərin tempini kompensasiya etməyib.

Xüsusilə sosial siyasət və milli iqtisadiyyat xətti üzrə ödənişlər 21 faiz artıb, təhsil sahəsinə xərclər 13 faiz, səhiyyəyə 10 faiz, kommunal təsərrüfata isə 8 faiz çox vəsait ayrılıb. Bu sürətli xərclənmə fonunda ən çox kəsirlə üzləşən bölgələr Kemerovo vilayəti (43,9 milyard rubl — təxminən 452 milyon dollar), İrkutsk vilayəti (41,1 milyard rubl — 423 milyon dollar), Yamal-Nenets muxtar dairəsi (38 milyard rubl — 392 milyon dollar), Tyumen vilayəti (33,8 milyard rubl — 348 milyon dollar), Novosibirsk vilayəti (33,5 milyard rubl — 345 milyon dollar) və Nijni Novqorod vilayəti (32,9 milyard rubl — 339 milyon dollar) olub.

Bununla yanaşı, bir sıra iri və iqtisadi cəhətdən daha dayanıqlı subyektlər profisitini qoruyub saxlayıb. Moskva 269,4 milyard rubl (təxminən 2,77 milyard dollar), Sankt-Peterburq 47,9 milyard rubl (494 milyon dollar), Tatarıstan isə 43,9 milyard rubl (452 milyon dollar) profisit qeydə alıb. “Vedomosti” qeyd edir ki, Maliyyə Nazirliyi regionların ümumi kəsirini bir qədər aşağı — 139 milyard rubl (1,43 milyard dollar) səviyyəsində hesablayır. Nazirliyin proqnozuna görə, ilin sonuna qədər regionlardakı ümumi büdcə çatışmazlığı 300 milyard rubla (təxminən 3,09 milyard dollar) qədər arta bilər.

Musavat.com

 

Seçilən
70
musavat.com

1Mənbələr