ain.az, Sherg.az portalına istinadən məlumat yayır.
Vətəndaşlar çox zaman evlərinə zənbil dolusu zəhər daşıdıqlarının fərqinə varmır
Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində, əhali arasında “8-ci km” bazarı kimi tanınan ərazidə fəaliyyət göstərən “Nəzrin-E” MMC-yə məxsus bazarda plandankənar yoxlama aparılıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilir ki, yoxlama Agentlik tərəfindən həyata keçirilən növbəti nəzarət tədbirləri çərçivəsində aparılıb.
Nəzarət tədbirləri zamanı süd və süd məhsullarının, müxtəlif növ turşuların və diri balıqların satış bölmələrində məhsulların açıq şəraitdə, tələb olunan soyuducu avadanlıqlar olmadan, temperatur rejiminə əməl edilmədən və baytarlıq-sanitariya ekspertizasından keçirilmədən satışa çıxarıldığı müəyyən edilib. Eyni zamanda, bazarın daxilində diri quşların satışı və kəsiminin qanunsuz şəkildə həyata keçirildiyi məlum olub. Aşkarlanan faktlar heyvan mənşəli məhsulların təhlükəsizliyi ilə yanaşı, ərazidə ümumi sanitariya vəziyyəti üçün də ciddi risk yaradır. Müəyyən edilmiş nöqsanlarla bağlı qida subyekti barəsində inzibati xəta haqqında protokol tərtib olunub, nöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qanunsuz fəaliyyət göstərən quş kəsimi yerinin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında bildirdi ki, istehlakçı hüquqlarının ən çox pozulduğu yer məhz bazarlardır:
- Bazarlar əhalinin zəhərləndiyi yerlərdir. Bazarlarda il boyu əhalini zəhərləyirlər. Antisanitar şəraitdə satılan müxtəlif qida məhsullarını alan vətəndaşlar evlərinə zənbil dolusu zəhər daşıdıqlarının fərqinə varmır çox zaman. Paytaxtın “Yaşıl bazar”ında hər cür məhsul satılır. Buraxılış tarixi, son istehlak tarixi qeyd edilməmiş kisə dolusu ərzaqlar satışdadır. Yalnız bir müsbət cəhət var ki, o da balıq bazarının “Yaşıl bazar”da müasir tələblərə uyğun, nümunəvi şəkildə təşkil edilməsidir. Amma illərlə insanları zəhərləyən “8-ci kilometr” bazarı da mövcuddur. Başdan-ayağa antisanitariyadır ora. AQTA-nın həyata keçirdiyi yoxlama çox-çox gec olsa da, zəruri addımdır. Amma əlbəttə, kafi deyil. Bir dəfə yoxlama keçirilir, cərimə yazılır, məhsullar satışdan çıxarılır, ertəsi gün eyni vəziyyət yenə təkrar olunur. Sabah gedin o bazara, eyni vəziyyəti yenə görəcəksiz. Bu bazarda heç nə düzəlmir, nəsə dəyişmir. Bazar sahibinə böyük məbləğdə cərimə tətbiq edilməlidir, çünki anormal vəziyyətin yaranmasına göz yuman odur. Regionlarda da eyni hallar baş verir. İnsanlar elə bilir ki, zəhərlənmə dedikdə yediyi tikə nəzərdə tutulur. Bu, son nəticədir. Səbəblərsə çoxdur. Çirklənmiş məhsul, qida bazardan evə gətirilirsə, zəhərlənmə başlayır artıq. İnsanlarımız haradan nə aldıqlarına, ərzağın keyfiyyətinə diqqət etməlidirlər. Ucuzdur deyə, bu cür antisanitar vəziyyətdə olan bazarlardan, yolüstündə ərzaq almaq olmaz, təhlükəlidir. Yaxşı olar ki, AQTA bu cür yoxlamaları mütəmadi həyata keçirsin və bazar sahibləri, orada satışla məşğul olanlar da cərimələnsin, ciddi şəkildə cəzalandırılsın.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.