Bakı, 25 noyabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Bakıda keçirilən həmrəylik forumunu bütövlükdə Türk dünyasının siyasi, sosial və humanitar xəritəsində yeni strateji mərhələnin başlanğıcı hesab etmək olar. Bu forumun türk dövlətlərinin yalnız hökumətlər səviyyəsində deyil, artıq ictimai institutlar səviyyəsində də birliyini dərinləşdirən mühüm platformaya çevriləcəyinə inanırıq. Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciət də göstərdi ki, türk birliyi bu günün geosiyasi reallığında sadəcə mədəni, tarixi və ya genetik bağlılıqdan ibarət deyil. Bu birlik təhlükəsizlik, iqtisadi əməkdaşlıq, informasiya mübarizəsi və humanitar sahələrdə dayanan, real güc mərkəzi kimi formalaşan strateji konsepsiyadır. Müraciət həm də bu prosesin institusional çərçivəsini müəyyən edir və türk birliyinin dövlət səviyyəsində prioritet məsələ olduğunu bir daha təsdiqləyir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərova söyləyib.
Onun sözlərinə görə, son illər Türk dünyasında siyasi koordinasiya, iqtisadi inteqrasiya, nəqliyyat dəhlizləri və enerji əməkdaşlığı sahəsində əldə olunan nailiyyətlər ictimai sektorun üzərinə yeni məsuliyyət qoyur.
“QHT-lərin həmrəylik formatında bir araya gəlməsi türk dövlətlərinin informasiya, humanitar və ictimai dəstək mexanizmlərinin daha da güclənməsi deməkdir. Bu kontekstdə Prezident İlham Əliyevin vurğuladığı mühüm fikir xüsusi əhəmiyyət daşıyır: “Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir”. Bu mesaj Türk dövlətləri arasında əlaqələrin yalnız siyasi səviyyədə deyil, ictimai diplomatiyanın, humanitar əməkdaşlığın və QHT-lərin koordinasiyasının daha da təşkilatlanmış mərhələyə keçməsinə çağırışdır. Dövlət başçısının digər bir fikri türk birliyinin ideoloji bazasını formalaşdıran geosiyasi gücü tam şəkildə ifadə edir: “Dost və qardaş xalqlarımızı ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlər möhkəm bir ailə kimi birləşdirir, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsini şərtləndirir”. Bu isə Türk Dövlətləri Təşkilatının artıq yalnız tarixi-mədəni birlik deyil, siyasi, sosial və təhlükəsizlik aspektlərində vahid güc mərkəzi kimi formalaşan strateji blok olduğunu göstərir”, - deyə Ş.Səfərova əlavə edib.
QHT rəhbəri Azərbaycanın suverenliyinin tam bərpası ilə Türk dünyası üçün yeni strateji səhifə açıldığını bildirib: “Müraciətdə xüsusi məqamlardan biri Qarabağ məsələsinin tam həlli ilə bağlıdır. Prezident İlham Əliyevin sözləri ilə desək, “Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir”. 30 il davam edən Qarabağ münaqişəsi təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün geosiyasi və psixoloji maneə idi. Bu münaqişənin alovlandırılması həm də müəyyən tarixi mərhələlərdə türk dövlətlərinin, xüsusilə Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin bir-biri ilə iqtisadi, siyasi və logistik əlaqələrini baltalamaq məqsədi daşıyırdı. Münaqişə regionda quru yolları, inteqrasiya layihələrini, kommunikasiya xətlərini bloklayır, türk dövlətləri arasında inkişaf sinxronluğunu məhdudlaşdırırdı. Vətən müharibəsində qazanılan Qələbədən sonra Qarabağda həyata keçirilən genişmiqyaslı bərpa, yaşıl enerji layihələri və “ağıllı şəhər” konsepsiyası yalnız lokal inkişaf modeli deyil, türk məkanının ümumi dayanıqlı inkişaf vizyonuna uyğun nümunəvi təcrübədir”.
Ş.Səfərova bildirib ki, forumun Bakıdan sonra Naxçıvanda davam etdirilməsi də təsadüfi deyil və rəmzi məna daşıyır. “Bakıda və Naxçıvanda keçirilən QHT-lərin həmrəylik forumu Türk dünyasının vətəndaş cəmiyyəti üçün yeni strateji mərhələnin başlanğıcıdır. Qarabağ Zəfəri ilə möhkəmlənən yeni regional reallıq, Zəngəzur dəhlizi ilə açılan strateji inteqrasiya xətti və Prezident İlham Əliyevin müəyyən etdiyi ideoloji-siyasi çərçivədə türk dövlətlərinin yaxınlaşması QHT-lər üçün həm məsuliyyət, həm də yeni tarixi imkandır”, - deyə o vurğulayıb.