Azərbaycanın diplomatik və xidməti pasport sahibləri altı ölkə – Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Argentina, Sinqapur və Kuba ilə qarşılıqlı vizadan azad edilib.
Bu addım ölkəmizin beynəlxalq əməkdaşlıq sahəsindəki mövqeyini gücləndirir və strateji tərəfdaşlıq əlaqələrini daha da dərinləşdirir.
Bəs, qəbul edilmiş qərar ikitərəfli münasibətlərin inkişafına necə təsir göstərə bilər və bölgədə əməkdaşlıq balansını dəyişə bilərmi?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri, politoloq Xəyal Bəşirov bildirib ki, bu razılaşmanın əldə edilməsi bir daha göstərir ki, ölkəmiz artıq qlobal səviyyədə ciddi maraq kəsb edən dövlətlərdən biridir:
“Bu ölkələrin coğrafi və iqtisadi xüsusiyyətlərinə nəzər salsaq, Kuba və Argentina Latın Amerikasında yerləşir, Sinqapur isə Asiyanın ən inkişaf etmiş iqtisadi dövlətlərindən biridir. Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı isə Yaxın Şərqin zəngin və iqtisadi cəhətdən güclü ölkələridir. Azərbaycanın bu dövlətlərlə münasibətləri günbəgün inkişaf edir və belə qarşılıqlı jest xarakterli addımlar ölkəmizin dünyanın istənilən qitəsində digər dövlətlərlə əməkdaşlığa hazır olduğunu göstərir”.

Xəyal Bəşirov qeyd edib ki, sıradan bir dövlətin diplomatik və xidməti pasport sahiblərinin qarşılıqlı vizadan azad edilməsi mümkün deyil:
“Azərbaycanın həmin dövlətlərlə münasibətləri isə artıq belə bir addımı reallaşdırmağa imkan verir. Bu əməkdaşlıq, xüsusilə Latın Amerikasında, Yaxın Şərqdə və Cənub-Şərqi Asiyada Azərbaycanın iqtisadi, siyasi və diplomatik əlaqələrinin inkişafına xidmət edəcək. Əsas prinsipimiz bərabərhüquqlu əməkdaşlıq və qarşılıqlı maraqlara xidmət edən platformalardan istifadə etməkdir. Azərbaycanın bu dövlətlərlə münasibətləri hər zaman adekvat yanaşma və cavab reaksiyaları əsasında qurulub. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra bir çox ölkə diplomatik və digər sahələrdə Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyib və bu yanaşmaya Azərbaycan adekvat cavab verib.”
Politoloqun sözlərinə görə, gələcəkdə belə əməkdaşlıq dairəsinin daha da genişlənməsi və yeni dövlətlərin də bu prosesə qoşulması gözlənilir: “Azərbaycan, Cənubi Qafqazın aparıcı dövləti kimi, beynəlxalq münasibətlərdə nüfuzunu artırır və qlobal imicini möhkəmləndirir. Latın Amerikasında, Uzaq Asiyada və Şərqdə digər ölkələrin Azərbaycanın maraqlarına diqqət yetirməsi, ölkəmizin qlobal nüfuzuna müsbət təsir göstərir. Hər halda, dövlətin qlobal səviyyədə imkanlarının və əlaqələrinin güclənməsi ona həmişə müsbət dividendlər gətirir. Azərbaycan üçün də bu, beynəlxalq əməkdaşlığın inkişafı və strateji nüfuzun artması baxımından əhəmiyyətli olacaq.”