AZ

Azərbaycan dram əsərləri Türkiyə teatrlarında səhnələşdiriləcək

BAKI, 25 noyabr. TELEQRAF

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Teatrlar Baş İdarəsi Azərbaycan dramaturqlarının bir sıra əsərlərinin Türkiyə səhnələrində nümayişi ilə bağlı yeni qərar qəbul edib.

Bu barədə Teleqraf-a Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Ankarada görüş keçirilib.

Azərbaycan dramaturgiyasının Türkiyə teatr mühitinə inteqrasiyasını nəzərdə tutan yeni əməkdaşlıq Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Teatrlar Baş İdarəsinin rəhbəri Tamer Karadağlı arasında keçirilən görüşdə müzakirə edilib.

Görüş zamanı Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Türkiyə türkcəsinə tərcümə edilən “Əbdürrəhim bəy Haqverdiyevin teatr əsərləri”, Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc (Göytürklər)” pyesi, “Cəfər Cabbarlının teatr əsərləri” Türkiyə teatrlarının Ədəbiyyat Qurumuna təqdim olunub.

Teatrlar Baş İdarəsi, eyni zamanda, Hüseyn Cavidin “İblis”, Elçin Əfəndiyevin “Qatil” və “Arılar arasında” əsərlərinin də Nazirliyin Ədəbiyyat Qurumu tərəfindən təsdiqlənərək ölkənin müxtəlif teatrlarında səhnələşdirilməsi üçün tövsiyə olunduğunu açıqlayıb.

Tərəflər görüşdə teatr sahəsində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı olaraq əsərlərin qarşı tərəfdə səhnələşdirilməsi, birgə layihələr və iki ölkə arasında teatr, səhnə sənəti sahəsində təcrübə mübadiləsinin daha da gücləndirilməsi istiqamətində müzakirə ediblər.

Seçilən
35
2
teleqraf.com

3Mənbələr