AZ

Moskvadan Trampın sülh planına “yaşıl işıq” - Avropanın təklifləri rədd edildi...


Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov ABŞ-ın təqdim etdiyi 28 maddəlik sülh planının Avropa Birliyinin 24 maddəlik təklifi ilə müqayisədə Moskva üçün daha məqbul olduğunu bildirib.

ABŞ-ın planında dəyişikliklərin edilməsi ilə bağlı iddialarla bağlı Uşakov deyib: "Bizə çatdırılan planı bilirik. Bu, Alyaska Zirvəsində əldə edilən anlaşmaya uyğundur. Buna görə də, planın bir çox müddəaları bizim üçün uyğundur. Əlbəttə ki, hamısı deyil. Planın digər müddəaları tərəflər arasında müzakirə edilməlidir. Lakin bu məsələ hələlik bizimlə müzakirə olunmayıb."

ABŞ dövlət katibi Marko Rubionun Cenevrədə Ukrayna tərəfi ilə aparılan danışıqlardan məmnun olduqlarına dair açıqlamasına diqqət çəkən Uşakov, planla bağlı çoxlu fərziyyələrin olduğunu deyib: “Kimə inanacağımızı bilmirəm. Biz gördüklərimizə və müvafiq kanallar vasitəsilə bizə çatdırılanlara inanırıq".

Uşakov Avropa Birliyinin sülh planının mətbuatda yayılan maddələrini isə "qeyri-konstruktiv və Rusiya üçün uyğun olmayan çərçivə" adlandırıb.

Xatırladaq ki, ABŞ planı Ukraynanın NATO üzvlüyündən imtina etməsini, Ukrayna qoşunlarının Donbasın Kiyevin nəzarəti altında qalan hissələrindən çəkilməsini və Krımla Donetsk-Luqanskın faktiki olaraq Rusiya ərazisi kimi tanınmasını nəzərdə tutur.

Onu da vurğulayaq ki,Moskva onlara təqdim edilmiş 28 maddəlik planın ilkin variantına mövqeyini açıqlayıb və bəzi maddələri çıxmaq şərtilə planı ümumilikdə dəstəklədiyini bildirib. Ancaq iki gün əvvəl Cenevrədə ABŞ-Ukrayna danışıqlarından sonra planın ciddi dəyişikliyə məruz qaldığı mesajları verilir. Kiyev əvvəlki 28 bəndlik sülh planının artıq mövcud olmadığını açıqlayıb. Ukrayna Prezident Aparatının müşaviri Aleksandr Bevz bəzi maddələrin tamamilə çıxarıldığını, bəzilərinin isə dəyişdirildiyini bildirib. Media isə müzakirələr nəticəsində plandakı maddələrin sayının 28-dən 19-a endirildiyini yazıb.

Moskvanın buna reaksiyasının necə olacağı maraq doğurur...

TAHİR

Seçilən
13
baki-xeber.com

1Mənbələr