Milli Məclisin iclasında bir sıra dövlətlərlə sazişlərin təsdiq edilməsi ilə bağlı qanun layihələri müzakirə edilib. Müzakirələr zamanı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edib, həmçinin ABŞ səfəri və keçirilən görüşlərlə bağlı həmkarlarını məlumatlandırıb.
Musavat.com-un məlumatına görə, deputat Qüdrət Həsənquliyev söz alaraq, həmkarının bir məsələyə aydınlıq gətirməsini istəyib.
O, “Öncə deputat həmkarlarımı ABŞ-yə uğurlu səfər münasibətilə təbrik edirəm. Qanun layihəsinə səs verəcəyəm, amma Səməd müəllimdən bir məsələ ilə bağlı münasibət bildirməsini istərdim. Bu da ondan ibarətdir ki, mətbuatdan oxuduğumuza görə, ABŞ Yunanıstan üzərindən Ukraynaya qaz satmağımızın qarşısını alıb. Səməd müəllimin bu barədə məlumatı varmı? Əgər varsa, görüşlər zamanı bu məsələ də müzakirə olundumu” - deyə sual edib.
Komitə sədri bu məsələnin mühümlüyündən bəhs etməklə yanaşı, mövzunu həmkarı ilə daha geniş müzakirə etməyə hazır olduğunu bildirib.
E.Paşasoy,
Musavat.com