AZ

Xarici ekspert: ABŞ və Azərbaycan təmiz enerji texnologiyaları və səmərəliliyi üzrə əməkdaşlıq edə bilər

Mayami Universitetinin hüquq məktəbinin müəllimi, beynəlxalq iqlim hüququ üzrə tanınmış ekspert, COP30-un iştirakçısı Lorena Zenteno Villa AZƏRTAC-a müsahibə verib. Ekspert, müsahibəsində COP30-da qəbul edilən qərarların əhəmiyyətindən danışıb. Lorena Zenteno Villa, həmçinin Azərbaycanla ABŞ arasında iqlim dəyişikliyinə qarşı mübarizədə və yaşıl enerji sahəsində hansı birgə layihələrin həyata keçiriləcəyi ilə bağlı təkliflərini açıqlayıb. Müsahibəni təqdim edirik.

-COP30 necə keçdi və yekunda hansı vacib qərarlar qəbul olundu?

-COP30 qlobal iqlim idarəçiliyində həm əhəmiyyətli irəliləyişləri, həm də davam edən çətinlikləri əks etdirən nəticələrlə yekunlaşdı. Konfrans adaptasiya və ədalətli keçid üzrə mühüm mexanizmləri irəli aparsa da, fosil yanacaqlara dair öhdəliklər və adekvat dövlət maliyyəsi sahəsində gözlənilən səviyyəyə çatmadı.

Konfransın əsas nəticələri bundan ibarət oldu ki, bütün 195 Tərəfin təsdiqlədiyi 29 qərardan ibarət Belem Paketi qəbul edildi. Braziliya Sədrliyi bunu “oyunun dəyişdiyi onilliyin başlanğıcı” kimi xarakterizə edərək danışıqlardan icraya keçidi vurğuladı.

COP30-da qəbul edilən əsas qərarlar bunlardır:

2035-ci ilə qədər adaptasiya maliyyəsinin üçqat artırılması. Bu, inkişaf etməkdə olan ölkələrin artan iqlim təsirləri ilə mübarizəsinə dəstək üçün inkişaf etmiş ölkələrin daha böyük məsuliyyət daşımasını nəzərdə tutur və emissiyalara ən az töhfə verən dövlətlərin ən çox zərər görməsi kimi fundamental ədalətsizliyi aradan qaldırmağa yönəlib.

Qlobal Ədalətli Keçid üçün Belem Mexanizmi. Bu mexanizm iqlim fəaliyyətinin bərabərlik, inklüzivlik və sosial müdafiə prinsiplərini nəzərə almasını təmin edən institusional çərçivə yaradır, fosil yanacaq və fosil yanacaq sənayesindən asılı olan işçilərin və icmaların dəstəklənməsinin vacibliyini tanıyır.

Qlobal Adaptasiya Məqsədi çərçivəsində 59 könüllü göstərici. Su, ərzaq təhlükəsizliyi, səhiyyə, ekosistemlər, infrastruktur və həyat şəraiti kimi sahələr üzrə ölçülə bilən göstəricilər müəyyən olunub və bunlar sadəcə niyyət ifadələrindən kənara çıxaraq real tərəqqinin qiymətləndirilməsi üçün konkret vasitələr təqdim edir.

Qlobal İcra Sürətləndiricisi. Bu, metan emissiyalarının azaldılması və təbiətə əsaslanan həllər kimi yüksəktəsirli addımlara üstünlük verir. Eyni zamanda, bərpaolunan enerji və maliyyə sistemi islahatları sahəsində transformativ imkanları müəyyənləşdirir.

Konfrans zamanı əhəmiyyətli səfərbərlik müşahidə olundu. Belə ki, 122 ölkə yeni və ya yenilənmiş NDC-lər (Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr) təqdim etdi, həmçinin müxtəlif sektorlar üzrə 120-dən çox fəaliyyət planı elan edildi.

Bununla belə, CIEL (Beynəlxalq Ətraf Mühit Hüququ Mərkəzi), Dünya Resursları İnstitutu, Beynəlxalq İqlim Fəaliyyəti Şəbəkəsi, “Greenpeace” və “Global Witness” kimi aparıcı beynəlxalq ekoloji təşkilatlar bir sıra ciddi çatışmazlıqların olduqlarını vurğuladılar.

-Söhbət hansı çatışmazlıqlardan gedir?

- Bunlardan biri fosil yanacaqlarla bağlı öhdəliklərin olmamasıdır. 1.5°C həddinin qorunması üçün kömür, neft və qazdan sürətli şəkildə imtina edilməsinin elmi zəruriliyinə baxmayaraq, yekun paketdə fosil yanacaqların mərhələli şəkildə dayandırılması barədə açıq və konkret ifadə yoxdur.

Digər məsələ yetərsiz dövlət iqlim maliyyəsidir. Adaptasiya maliyyəsinin üçqat artırılmasında irəliləyiş olsa da, ümumi maliyyə həcmi ehtiyac duyulan səviyyədən xeyli aşağıdır. Kredit əsaslı maliyyənin qrantlarla müqayisədə üstünlük təşkil etməsi həssas iqtisadiyyatların borc dayanıqlığı üçün ciddi narahatlıq yaradır.

Başqa bir məsələ Kiçik Ada Dövlətlərinin vurğuladığı icra boşluğudur. Bu ölkələr COP30-un siyasi öhdəlikləri ilə Beynəlxalq Ədalət Məhkəməsinin son hüquqi rəyində göstərilən hüquqi öhdəliklər arasındakı uyğunsuzluğa diqqət çəkiblər. Bu isə beynəlxalq hüquqla uyğunluq baxımından əhəmiyyətli suallar ortaya çıxarır.

- Ümumiyyətlə, qəbul edilən qərarların perspektivi barədə nə deyə bilərsiniz?

-COP30 iqlim fəaliyyəti üçün institusional çərçivəni gücləndirsə də, ən siyasi mübahisəli məsələlər üzrə qərarları gələcək dövrlərə saxlayır. Yeni mexanizmlər kifayət qədər maliyyələşdirilərsə, nəzərəçarpacaq irəliləyişə səbəb ola bilər. Lakin fosil yanacaqlarla bağlı güclü öhdəliklərin olmaması və dövlət maliyyəsinin kifayət etməməsi iqlim elminin göstərdiyi vaxt məhdudiyyətlərini nəzərə alaraq ciddi risk mənbələri olaraq qalır. Həssas ölkələr üçün COP30-un uğuru yaradılan çərçivələrlə deyil, onların real emissiya azalmaları, adekvat maliyyə və effektiv müdafiə ilə nəticələnib-nəticələnməməsi ilə ölçüləcək. Qarşıdakı illər “icra onilliyi”nin iqlim böhranının tələb etdiyi miqyas və sürətlə həqiqi transformasiya gətirib-gətirməyəcəyini göstərəcək.

- ABŞ ilə Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə və yaşıl enerji sahəsində hansı birgə layihələr həyata keçirə bilər?

-ABŞ ilə Azərbaycanın iqlim tədbirləri və yaşıl enerji sahəsində əməkdaşlığı gücləndirə biləcəyi bir sıra praktik istiqamətlər mövcuddur. Bu imkanların çoxu texniki xarakter daşıyır və siyasi dövrlərdən asılı olmayaraq sabit qalır.

Birincisi, hər iki ölkə təmiz enerji texnologiyaları və səmərəliliyi üzrə əməkdaşlıq edə bilər. ABŞ-ın tədqiqat institutları və özəl şirkətləri günəş və külək mühəndisliyi, enerji saxlama sistemləri və müasir elektrik şəbəkələri kimi sahələrdə geniş təcrübəyə malikdir. Birgə layihələr və ya texnologiya tərəfdaşlıqları Azərbaycanın enerji miksinin şaxələndirilməsinə və aşağı karbonlu infrastrukturun genişləndirilməsinə dəstək ola bilər.

İkincisi, metan emissiyalarının azaldılması açıq və hər iki tərəf üçün faydalı bir əməkdaşlıq istiqamətidir.

Neft və qaz sektorunda metan emissiyalarının aşkarlanması, monitorinqi və azaldılması istixana qazlarını azaltmağın ən səmərəli yollarından biridir. Bu əməkdaşlıq daha çox texniki və sənayeyönümlü olub, qlobal enerji idarəçiliyi üzrə ən yaxşı təcrübələrlə üst-üstə düşür. Üçüncüsü, elmi və akademik əməkdaşlıq genişlənə bilər.

Hər iki ölkənin universitetləri və tədqiqat mərkəzləri iqlim modelləşdirilməsi, su ehtiyatlarının idarə edilməsi, quraqlığa davamlılıq və təmiz texnologiyalarda innovasiya sahələrində birgə araşdırmalar apara bilərlər. Bu tərəfdaşlıqlar uzunmüddətli dayanıqlığa və bilik mübadiləsinə töhfə verir.

Nəhayət, yaşıl enerji sahələrində əməkdaşlıq potensialı mövcuddur, o cümlədən hidrogen enerjisi, dənizüstü külək və bərpaolunan enerji layihələrinin hazırlanması mümkündür.

Azərbaycanın coğrafi mövqeyi və enerji resursları ölkəni regionda mühüm enerji aktoruna çevirir və texniki əməkdaşlıq ilkin qiymətləndirmə araşdırmalarını, pilot layihələri və investisiya planlamasını dəstəkləyə bilər.

Ümumilikdə, ABŞ və Azərbaycan arasında əməkdaşlıq texnologiya, elm və innovasiya sahələri üzrə inkişaf edə bilər. Bu da həm praktiki, həm qeyri-siyasi, həm də qarşılıqlı olaraq faydalı əməkdaşlıqdır.

Seçilən
5
1
azerbaijan-news.az

2Mənbələr