Noyabrın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası” çərçivəsində “Cəmiyyətin inkişafı hamı üçün təhlükəsizlikdən başlayır” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının və QHT-lərin nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər. Konfransda cəmiyyətin inkişafında təhlükəsizliyin rolu, ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində aparılan layihələr müzakirə olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, təhlükə altında olan şəxslərə dəstək vermək, onların hüquqlarını qorumaq və hər kəsin təhlükəsiz cəmiyyətin üzvü olmasını təmin etmək əsas məqsəddir. “2024-cü il üzrə dəstək xidmətlərinə daxil olan müraciətlərin sayı 1623 olub, bu da cəmiyyətin dövlət qurumlarına inamını göstərir. Demoqrafik göstəricilər hələ də narahatlıq doğurur; doğulan uşaqlar arasında cins nisbəti 100 qıza qarşı 113 oğlandır", - deyə komitə əlavə edib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva qeyd edib ki, Azərbaycan 2024-cü ildə Qlobal Rəqəmsal Paktı dəstəkləyən BMT üzv dövlətlərindən olub və yaxın zamanda BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını imzalayıb. Azərbaycan 2023-2027-ci illər üçün ilk kompleks kibertəhlükəsizlik yol xəritəsini qəbul edib ki, bu da rəqəmsal müdafiəni gücləndirir, qadın və uşaqların onlayn təhlükəsizliyini artırır.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan gender bərabərliyi və zorakılığın qarşısının alınması sahəsində milli və beynəlxalq öhdəliklərə sadiqdir. Məqsəd yalnız zorakılığa son qoymaq deyil, həm də sosial norma kimi zorakılığın qəbul edilmədiyi, təhlükəsizlik və bərabərlik üzərində qurulmuş cəmiyyət yaratmaqdır.
Daha sonra keçirilən paneldə çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva sosial media və rəqəmsal mühitdə gender əsaslı zorakılığın artan təhdidlərindən danışıb və məsələyə proaktiv yanaşmanın vacibliyini vurğulayıb.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova kritik vəziyyətdə olan şəxslərə hüquqi, psixoloji, tibbi yardım və digər təhsil xidmətlərinin göstərilməsinin əhəmiyyətini qeyd edib.
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə isə məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin tətbiqi ilə bağlı vəziyyəti şərh edib.
Konfrans mövzu ətrafında sualların cavablandırılması ilə yekunlaşıb.