Cenevrə danışıqlarından sonra razılaşdırılmış Ukrayna üçün yenilənmiş Amerika planı 28 bənddən 19 bəndə endirilib və ən həssas tələblərin bir neçəsi ləğv edilib.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, sənəddə Ukraynanın Donbası Rusiyaya verməsini tələb edən bənd, eləcə də digər ərazi müddəaları çıxarılıb.
Nəşrin yazdığına görə, bu, ABŞ-ın Ordu naziri Den Driskollun Əbu-Dabidə keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə təqdim etdiyi planın versiyasıdır.
Görüşlər dünən başlayıb və bu gün də davam edəcək. Moskva bu məlumatı rəsmi olaraq təsdiqləməyib.
"Bloomberg"in məlumatına görə, rusiyalı rəsmilər yenidən işlənmiş planı "dəyərsiz" hesab ediblər və onun razılaşma üçün əsas kimi istifadə edilə bilməyəcəyini bildiriblər.
"CBS News" və "Financial Times" da Driskolun Əbu-Dabidə olduğunu və Rusiya tərəfi ilə görüşlər keçirdiyini təsdiqləyirlər.
"Hələ də deyəcək bir sözümüz yoxdur. Media xəbərlərini izləyir və təhlil edirik", - Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında qeyd edib.
Musavat.com