Gültəkin Məlik qızı Əsgərova 1960-cı il noyabr ayının 20-də Bakı şəhərində anadan olmuşdur. O, 1983-1989-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil almışdır. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı işləmişdir. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında çalışmışdır. Daha sonra Uroloji xəstəxanada anestezioloq-reanimatoloq vəzifəsində işləmişdir.
Gültəkin Əsgərova Dağlıq Qarabağ hadisələri başlayanda 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanmışdır. Əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərmişdir. Güllə yağışları altında o, yaralı döyüşçüləri təhlükəsiz yerlərə aparmış, onlara ilk tibb yardım göstərmişdir. Şuşanın işğalından sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak etmişdir. Gərgin döyüş yolu keçmiş Gültəkin Əsgərova 1992-ci il iyun ayının 19-da Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olmuşdur. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş, Bakı şəhər Nərimanov rayonunda büstü qoyulmuşdur. Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın adını daşıyır və həmin gəmidə muzeyi yaradılmışdır. Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə löhvəsi vurulmuşdur. Gültəkin Əsgərovaya həsr olunan “Gültəkin” filmi çəkilmiş, “Gültəkin zirvəsi” adlı kitab çap olunmuşdur. Bu il G.Əsgərovanın 65 yaşı tamam olur.
“Azərbaycan”