Beş il əvvəl sentyabrın 27-də başlanan Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi böyük igidlik nümunəsi sayəsində erməni hərbi qüvvələri torpaqlarımızı tərk edərək geri çəkildilər. Otuz ilə yaxın işğal atında olan torpaqlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə düşməndən təmizlənərək əzəli sahibinə qaytarıldı. Haqq savaşına qalxan Ordumuzun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa, Ağdam rayonundan beş gün sonra noyabrın 25-də Kəlbəcər rayonunu da boşaltmağa məcbur etdi. Beləliklə, daha bir rayon – Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
AZƏRTAC xatırladır ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamla noyabrın 25-i Kəlbəcər Şəhəri Günü elan edilib.
Bu gün münasibətilə Mədəniyyət Nazirliyinin və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Kəlbəcərdə silsilə tədbirlər keçirilir. Belə ki, gün boyu “Kəlbəcər – obyektivdən tarixə” adlı fotosərgi, Azərbaycan Milli Xalça Muzeyinin “Yaddaş” sərgisi, “Kəlbəcərin palitrası” adlı rəsm əsrlərinin nümayişi, rəsm ustad dərsləri və ənənəvi sənətkarlıq sərgisi təşkil olunacaq. Həmçinin Gəncə Dövlət Milli Dram Teatrı kəlbəcərli tamaşaçılar qarşısında Abdulla Şaiqin “Tıq-Tıq xanım” musiqili nağıl- tamaşası ilə çıxış edəcək. Eyni zamanda, Kəlbəcər Şəhəri Günü incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı ilə davam edəcək və sonda atəşfəşanlıqla başa çatacaq.