Dogru.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan Mətbuat Şurasında “Yeni təfəkkür” qəzetinin təsisçisi və baş redaktoru, Əməkdar jurnalist Şəmsiyyə Kərimovanın 70 illik yubileyi münasibətilə tədbir keçirilib.
Doğru.az xəbər verir ki, toplantıda tanınmış qələm adamları və media nümayəndələri iştirak ediblər.
Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında Şəmsiyyə Kərimovanın zəngin yaradıcılıq yolundan söz açıb. O qeyd edib ki, jurnalist BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində fəaliyyətə başlayıb, daha sonra “Azərbaycan gəncləri”, “İki sahil” və “Naxçıvan” qəzetlərində çalışıb.
2005-ci ildə təsis etdiyi “Yeni təfəkkür” qəzeti bu gün də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həmtəsisçiliyi ilə fəaliyyətini davam etdirir. Tədbirdə Şəmsiyyə Kərimovaya Mətbuat Şurasının diplomu təqdim olunub.
Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu, “Şöhrət” ordenli jurnalist Flora Xəlilzadə, Əməkdar jurnalistlər Zemfira Məhərrəmli, Əntiqə Qonaq, İttifaq Mirzəbəyli, Qafar Əsgərzadə və digər çıxışçılar yubilyarın peşəkarlığını, insanlığı və jurnalistikaya töhfələrini yüksək qiymətləndiriblər. Onun həm jurnalist, həm də bədii-publisistik yaradıcılığı xüsusi vurğulanıb.
Şəmsiyyə Kərimovanın “Şəmsiyyənin kitabı” və “Özüm, sözüm, izim” adlı kitabları oxucular tərəfindən rəğbətlə qarşılanıb. O, həmçinin bir sıra nəşrlərin redaktorudur.
Tədbirdə Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin eksperti Əkbər Qoşalı komitə sədri Fazil Mustafanın təbrik məktubunu yubilyara təqdim edib.
Mərasimin sonunda Şəmsiyyə Kərimova göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkür edib.
DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.