Vaşinqton, 24 noyabr, AZƏRTAC
“Çin sədri Si Cinpinlə çox yaxşı telefon danışığımız baş tutdu”.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media hesabında yazıb. Dövlət başçısı bildirib ki, görüşdə Ukrayna-Rusiya münaqişəsinin həlli, fentanil, soya və digər kənd təsərrüfatı məhsulları məsələsi müzakirə edilib. O, fermerlər üçün yaxşı və çox vacib bir razılaşma əldə etdiklərini qeyd edib.
“Çinlə münasibətlərimiz son dərəcə güclüdür. Bu zəng üç həftə əvvəl Cənubi Koreyada keçirilən çox uğurlu görüşümüzün davamı idi. O vaxtdan bəri hər iki tərəfdə razılaşmaları aktual və dəqiq saxlamaq sahəsində əhəmiyyətli irəliləyişlər olub. İndi biz baxışlarımızı böyük şəklə yönəldə bilərik. Bu məqsədlə Prezident Si məni aprel ayında Pekinə səfərə dəvət etdi və mən də bunu qəbul etdim. O da ilin sonunda ABŞ-da dövlət səfəri ilə qonağım olacaq. Biz müntəzəm ünsiyyət qurmağın vacibliyi barədə razılığa gəldik və mən bunu səbirsizliklə gözləyirəm”,- deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton