Bakı, 24 noyabr, Tamilla Məmmədova, AZƏRTAC
Dünya nizamının sürətlə dəyişdiyi zamanda Cənubi Qafqaz və Mərkəzi Asiya qlobal, regional güclərin maraqlarının kəsişdiyi əsas regionlara çevrilir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan xarici və daxili siyasətində yeni mərhələyə qədəm qoyub, hərbi-siyasi, diplomatik mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Qonşu regionlardakı qeyri-sabitlik, beynəlxalq kommunikasiya və nəqliyyat marşrutlarının transformasiyası, eləcə də energetika təhlükəsizliyinə artan diqqət fonunda Azərbaycanın rolu olaraq artmaqdadır.
AZƏRTAC türkiyəli beynəlxalq münasibətlər və terrorizm üzrə ekspert Emrah Kaya ilə müsahibəni təqdim edir.
— İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın xarici siyasət strategiyasını necə qiymətləndirirsiniz? Ölkə mövqelərinin möhkəmləndirilməsi üçün diplomatik və regional mexanizmlərdən nə dərəcədə effektiv istifadə edir?
— Açıq deyim, Qarabağın işğalı Azərbaycan üçün böyük yük idi. Bu, xüsusilə dövlət və toplum üçün psixoloji baxımdan çox yorucu idi. Lakin bu problemin həlli Azərbaycanın bu gün daha güclü və inamla hərəkət etməsinə imkan verdi. Digər tərəfdən, bu, Azərbaycanın regional və qlobal səviyyədə siyasət formalaşdırmaq və həyata keçirmək imkanlarını artırdı. Bunun fonunda Azərbaycanın fəal xarici siyasəti, Avropa dövlətləri ilə əlaqələrin gücləndirilməsi və ABŞ-ın sanksiyalarının aradan qaldırılması mühüm nailiyyət kimi qiymətləndirilməlidir. Bu, diplomatik uğurdur.
Bundan əlavə, nə BMT, nə də MDB Qarabağın işğalı dövründə, İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra Azərbaycan əleyhinə qətnamə qəbul edə bilmədi. Burada iki əsas məqam var. Birincisi, Azərbaycan beynəlxalq hüquq normaları baxımından haqlıdır. İkincisi, bu təşkilatların Ermənistanın tələblərinə baxmayaraq Azərbaycanla bağlı qərarlar qəbul etməməsi və ya neytral qalması Azərbaycanın diplomatik uğurudur. Nəticə etibarilə aydındır ki, Azərbaycan milli maraqlar naminə geosiyasi mövqeyindən, resurslarından və regional-qlobal şəraitdən səmərəli istifadə edib. Bu, ölkədə siyasi qərar qəbuletmə proseslərinin və onların həyata keçirilməsinin uğurlu olduğunu göstərir.
— Sizcə, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin daha dərin siyasi, iqtisadi inteqrasiyası ideyası reallığa uyğundurmu? Bu prosesdə Azərbaycanın rolu nə ola bilər?
— Düzünü desəm, mən bunu real hesab edirəm. Aralarından Xəzər dənizinin yerləşməsinə baxmayaraq, tərəflər arasında güclü sosial, siyasi, mədəni və etnik bağlar mövcuddur. Lakin bunu da unutmaq olmaz ki, region ölkələri postsovet dövlətləridir. Bu gün demək olar ki, region ölkələri iqtisadi və geosiyasi baxımdan bir-birini tamamlayır. Qafqaz olmadan Mərkəzi Asiya Qərbə çıxa bilməz, Mərkəzi Asiya olmadan isə Qafqaz Şərqə çıxa bilməz. Üstəlik, Orta dəhliz və “Bir kəmər, bir yol” təşəbbüsü Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi inteqrasiyanı təşviq edəcək. Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında belə bir platformanın yaradılması təklifinin təşəbbüskarı Qırğızıstan Prezidenti Sadır Japarovdur. O, bu təklifi 12 noyabr 2021-ci il tarixində İstanbulda keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Sammitində irəli sürüb. Qlobal gərginliyin artdığı şəraitdə inteqrasiya Mərkəzi Asiya və Qafqaza sülh və “sabitlik hovuzu” kimi qalmaq üçün vacib imkan verə bilər. Mərkəzi Asiya ölkələrinin Qafqaza artan marağı və region dövlətləri ilə bağladıqları razılaşmalar bunun üçün baza yarada bilər. Qafqazın, xüsusən Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə dərinləşən əlaqələri bu prosesin ikitərəfli formatda da həyata keçirilməsinə imkan verir.
Bu gün Mərkəzi Asiya ölkələri kollektiv şəkildə fəaliyyət göstərməyə, problemləri konstruktiv şəkildə həll etməyə və Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşünü keçirərək əməkdaşlığı gücləndirməyə çalışır. Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri də oxşar platformanı birgə təşəbbüs vasitəsilə yarada bilərlər. Belə bir platforma şübhəsiz ki, çoxsaylı milli, regional və qlobal imkanlar gətirərdi.
— Bəzi qonşu regionlarda qeyri-sabit vəziyyətlər nəzərə alınaraq, yaxın 5–10 ildə Azərbaycan üçün milli və regional təhlükəsizlik sahəsində hansı çağırışlar və hansı imkanlar görürsünüz?
— Bu gün Azərbaycan bir sıra problemlərini özü həll etmiş bir dövlətdir. Bununla yanaşı o, qonşu ölkələrlə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır. Lakin Azərbaycanın pozitiv addımlarından müxtəlif regional və qlobal qüvvələr istifadə edə bilərlər. Əsasən Azərbaycan üçün zərər vurmaq istəyən dövlətlər bunu birbaşa etməyəcəklər. Bunun əvəzinə onlar hibrid müharibə metodlarına əl ata bilərlər. Bu metodlara sosial iğtişaşlar, kiberhücumlar, müxtəlif qruplar vasitəsilə ölkə daxilində problemlər yaradılması və xüsusilə dini ritorika üzərindən əhalinin bəzi təbəqələrinin radikallaşdırılması daxil ola bilər. Digər tərəfdən, Ermənistanla Azərbaycan arasında münasibətlərin hazırkı normallaşması Paşinyanın təsiri ilə bağlıdır. Lakin onun administrasiyası dəyişsə və etnonasionalist qruplar hakimiyyətə gəlsə, Ermənistan yenidən regionda sabitliyi pozan qüvvəyə çevrilə bilər. Hətta bu birbaşa Azərbaycanın üzərinə təsir etməsə və ya yeni müharibəyə gətirib çıxarmasa belə, regional sabitliyi, əməkdaşlığı və inkişafı poza bilər. Pozitiv nöqteyi-nəzərdən, Qafqazda sabitliyin qorunub saxlanması ilə Azərbaycanın geosiyasi əhəmiyyəti artacaq. Bu, yalnız “Bir kəmər, bir yol” təşəbbüsü və Orta dəhlizlə bağlı deyil. Azərbaycan həmçinin Xəzər regionu və Mərkəzi Asiyadan Avropaya enerji resurslarının ötürülməsində körpü rolunu oynayacaq. Tayvan bölgəsində artan gərginlik, İrana qarşı sanksiya təzyiqləri və Rusiya ilə Ukrayna arasındakı davam edən müharibə də Azərbaycanın Şərq və Qərb arasında ticarətdəki rolunu gücləndirəcək.
— Mənim bildiyimə görə, siz Latın Amerikası üzrə də tədqiqat aparırsınız. Latın Amerikadakı sülh quruculuğu prosesləri ilə Cənubi Qafqazdakı proseslər arasında hansı paralellər aparmaq olar? Kolumbiya, Çili və ya digər ölkələrin təcrübəsi Azərbaycana fayda verə bilərmi?
— Hər iki regionda ciddi münaqişələr və zorakılıq halları olub və onların həlli üçün müxtəlif üsullar tətbiq edilib. Lakin bu proseslər son dərəcə mürəkkəb, gərgin və risklidir. Məsələn, Kolumbiyada “Farc” terror təşkilatı ancaq dördüncü cəhddən sonra, silahı sülh yolu ilə yerə qoydu. Latın Amerikasındakı sülh prosesləri adətən tərəflərdən birinin digərinə öz iradəsini təlqin edə bilmədiyi və münaqişənin dalana dirəndiyi şəraitdə başlanıb. Lakin Qafqazdakı münaqişənin dinamikası fərqlidir. Ermənistanın işğalı dövründən etibarən regionda müxtəlif sülh təşəbbüsləri irəli sürülüb, lakin onlar uğurla nəticələnməyib. Həm həmsədrlərin siyasəti, həm də Ermənistanın barışmaz mövqeyi səbəbindən Minsk qrupu effektiv aktor ola bilmədi. Bu mərhələdə Qarabağda sülh prosesləri səmərəsiz oldu və işğalı gizlətmək üçün tüstü pərdəsinə çevrildi. Effektiv və məhsuldar sülh prosesi Azərbaycanın qələbəsi sayəsində ortaya çıxdı. Bu mənada, açıq demək olar ki, Qarabağ və Latın Amerikasında münaqişələrin dinamikasında və sülh proseslərindəki fərqlər də bu təcrübənin faydalı ola biləcəyi ehtimalını zəiflədir.