ABŞ-nin Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq planı Cenevrə danışıqları zamanı əhəmiyyətli dərəcədə yenidən nəzərdən keçirilib.
"Unikal" "Financial Times"a istinadən xəbər verir ki, sülh planı 28 bənddən 19 bəndə endirilib. Dəqiq çıxarılan müddəalar açıqlanmır, lakin bu, Kiyev və onun Avropa müttəfiqlərinin sənəddəki bir neçə tələbin qəbuledilməzliyini qeyd etməsindən sonra baş verib.
Məsələn, Ukrayna Donbasın təslim edilməsi də daxil olmaqla, qoşunların sayının məhdudlaşdırılması və ərazi güzəştləri ilə bağlı "qırmızı xətlərini" xatırladıb. Avropa bunu dəstəkləyib, həmçinin dondurulmuş Rusiya aktivləri və Brüssel tərəfindən tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı qərar qəbul etmək üçün müstəsna hüququnu təsdiqləyib.
"Hamı tərəfindən görüldüyü kimi 28 bəndlik sülh planı artıq mövcud deyil. Bəzi bəndlər çıxarılıb, digərləri dəyişdirilib", - deyə Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksandr Bevz təsdiqləyib. O, Kiyevin heç bir şərhinin cavabsız qalmadığını vurğulayıb. Daha əvvəl Ağ Ev 23 noyabrda Cenevrədə keçirilən danışıqlar zamanı ABŞ və Ukraynanın müharibəyə son qoymaq üçün "yenilənmiş və təkmilləşdirilmiş" bir plan hazırladığını bildirib. Tərəflər razılığa gəliblər ki, gələcəkdə əldə ediləcək hər hansı bir razılaşma Ukraynanın suverenliyini dəstəkləməli və "davamlı və ədalətli sülhü təmin etməlidir".
Nuranə Abbasova