AZ

Professor: Zəngəzur dəhlizi yeni Avrasiya geosiyasətinin əsas sütunlarından birinə çevrilir

Bakı, 24 noyabr, Səbinə Əlizadə, AZƏRTAC

Son illərdə regionda yaranmış yeni geosiyasi reallıq, xüsusən II Qarabağ müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini emosional qardaşlıqdan strateji müttəfiqliyə yüksəldərək Cənubi Qafqazda güc balansını yenidən formalaşdırıb. Bu konfiqurasiya, Zəngəzur dəhlizi ətrafında yaranan yeni nəqliyyat arxitekturası ilə birlikdə, Orta Dəhlizin güclənməsini və Türk dünyasının inteqrasiyasını sürətləndirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri, professor Aygün Attar deyib.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsi ilə diplomatik və hərbi müttəfiqlik çərçivəsi institusionallaşdı, bu isə Cənubi Qafqazda sabitlik gündəliyini gücləndirdi. Professor bildirib ki, Türkiyənin son illərdə üstünlük verdiyi proaktiv təhlükəsizlik və strateji yanaşma (Liviya, Suriya və Qarabağ təcrübələri) regional böhranların idarə edilməsində praktik alətlər formalaşdırıb. Onun sözlərinə görə, Azərbaycanla sinxron fəaliyyət bu alətlərin effektivliyini daha da artırıb. Nəticə etibarilə, “qardaşlıq”dan “müttəfiqlik” mərhələsinə keçid regional risklərin azaldılmasına, kollektiv dayanıqlığın möhkəmlənməsinə xidmət edir.

Aygün Attar bildirib ki, Zəngəzur dəhlizi 43 kilometrlik hissə üzrə Azərbaycanı Naxçıvanla birləşdirən, eyni zamanda, Orta Dəhlizin əsas halqasını təşkil edən strateji xətdir. Onun funksionallaşması Orta Asiya-Cənubi Qafqaz-Türkiyə boyunca Şərq–Qərb ticarət-zəncirini qısaldır, marşrutun çevikliyini artırır və logistika xərclərini aşağı salır. Müqayisə üçün professor vurğulayıb ki, Orta Dəhlizin mərhələli genişlənməsi Asiya-Avropa daşımalarında rəqabət qabiliyyətini yüksəldir, regionu tranzit məkan deyil, istehsal və xidmətlər üzrə investisiya platformasına çevirir.

Professorun sözlərinə görə, qlobal oyunçuların bu marşruta artan diqqəti dəhlizin geosiyasi çəkisini artırır. ABŞ üçün Zəngəzur dəhlizi İran və Rusiyanın təsirini məhdudlaşdıran, Çin üçünsə Qərbə çıxışı şaxələndirən kritik xətt kimi görünür. Rusiya-Ukrayna müharibəsi isə Moskvanın regional resurslarını məhdudlaşdıraraq yeni güc tarazlıqlarına yol açır. Bu fonda Azərbaycanın balanslı siyasəti, - Rusiya və İranla münasibətlərdə diplomatik elastiklik, Qərb və Ukrayna ilə əməkdaşlıq trayektoriyası, - risklərin idarə olunmasını və çoxvektorlu əlaqələrin qorunmasını təmin edir.

Aygün Attar əlavə edib ki, Orta Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün “Orta Asiya + Azərbaycan” altılı modelə keçidi iki region arasında institusional körpünü möhkəmləndirir. Bu qərar Orta Dəhlizin səmərəliliyini artırır, Orta Asiya ölkələrinin Avropa və Qafqaz bazarlarına Azərbaycan üzərindən diversifikasiya olunmuş çıxışını təmin edir. Professor regionlara təsir kimi, Türk Dövlətləri Təşkilatının çərçivəsində iqtisadi koordinasiyanın, vahid logistika standartlarının və sərhəd-keçid prosedurlarının sadələşdirilməsinin strateji əhəmiyyətini xüsusi vurğulayıb.

O, sonda qeyd edib: “Zəngəzur dəhlizi artıq yeni Avrasiya geosiyasətinin əsas sütunlarından birinə çevrilir. Azərbaycan-Türkiyə müttəfiqliyinin institusionallaşması, Mərkəzi Asiya ilə Azərbaycan arasında altılı formatın yaranması və Orta Dəhlizin mərhələli şəkildə güclənməsi regionu dayanıqlı əməkdaşlıq və inkişaf məkanına çevirir”.

Seçilən
20
azertag.az

1Mənbələr