AZ

“Təhsildə sosial iş” xidməti çərçivəsində 1000-dən çox ümumtəhsil müəssisəsinə səfər edilib

Bakı, 24 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində 2023-cü ildən etibarən “Təhsildə sosial iş” xidməti həyata keçirilir. Həmin xidmətin məqsədi çətin həyat şəraitinə düşmə riski olan uşaqların aşkar edilməsi və onlarla sosial-psixoloji işin aparılmasıdır.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən dövrdə sosial işçilər tərəfindən ümumilikdə 1059 ümumtəhsil müəssisəsinə səfər təşkil olunub.

İlkin qiymətləndirmə nəticəsində yüksək risk qrupunda olan uşaqlar aşkar edilib və onlarla bağlı təfsilatlı qiymətləndirmə aparılıb. Nəticədə 300-ə yaxın şəxs üçün sosial-psixoloji və sosial müdafiə tədbirləri həyata keçirilib. Eləcə də 400-dən çox şagirdin dərsə davamiyyəti bərpa olunub.

Həmin xidmət çərçivəsində bu il ərzində 535 məktəbə səfər edilib və çətin həyat şəraitində olan uşaqların qiymətləndirməsi aparılıb, 70-dən çox şəxsə müvafiq xidmətlər göstərilib.

Eyni zamanda, xidmət çərçivəsində Bakı və regionlarda yerləşən 100-ə yaxın ümumtəhsil müəssisəsində uşaq hüquqlarının qorunması, erkən nikahın fəsadları, məişət zorakılığı ilə mübarizə, psixi sağlamlığın qorunması və s. mövzularda maarifləndirici görüşlər keçirilib.

Seçilən
21
azertag.az

1Mənbələr