BAKI, 24 noyabr. TELEQRAF
Malayziyada keçirilən iclasda Özbəkistanın Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) Cənub-Şərqi Asiyada Dostluq və Əməkdaşlıq Müqaviləsinə qoşulması ilə bağlı müraciəti təsdiqlənib.
Teleqraf xəbər verir ki, təxminən bir il davam edən hazırlıq prosesi və danışıqlardan sonra Kuala-Lumpurda Malayziyanın sədrliyi ilə keçirilən ASEAN Xarici İşlər Nazirlərinin Toplantısında təşkilata üzv olan bütün dövlətlər Özbəkistanın bu sazişə qoşulmaq üçün müraciətini dəstəkləyiblər.
1976-cı il fevralın 24-də İndoneziyanın Bali şəhərində imzalanmış Cənub-Şərqi Asiyada Dostluq və Əməkdaşlıq Müqaviləsi ASEAN regionunda əməkdaşlığın əsas prinsiplərini müəyyən edən mühüm sənəd kimi tanınır. Öz növbəsində, ASEAN regionu 11 Cənub-Şərqi Asiya ölkəsini əhatə edən və təxminən 700 milyon əhalisi olan böyük bir bazardır.
Özbəkistanın bu sazişə qoşulmasının regionda ölkə üçün yeni imkanlar açacağı vurğulanır. Bu, təkcə dövlətlər arasında G2G əməkdaşlığının daha da möhkəmlənməsinə deyil, həm də ticari-iqtisadi və investisiya əlaqələrinin daha da intensivləşməsinə xidmət edəcək.