22-23 noyabr tarixlərində Müasir Azərbaycan Psixoloqları Cəmiyyəti və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə Praktik Psixoloqların I Respublika Konfransı keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqində Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov konfransın əhəmiyyətini vurğulayaraq psixologiya sahəsində müasir elmi-praktik yanaşmaların tətbiqi, nevro-psixoloji cihazların imkanları, psixoterapevtik metodların elmi əsaslarla inkişafı və tələbələrin peşəkar hazırlığının gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Konfransda müxtəlif aktual mövzular üzrə elmi məruzələr təqdim olunub:
• Yaddaş və diqqət zəifliyinin nevro-psixoloji cihazlarla ölçülməsi və klinik müdaxilə üsulları — Uzman klinik psixoloq Narınc Rüstəmova;
• Mənlik kultu və özünü tanrılaşdırma: Narsistik şəxsiyyət pozuntusuna klinik və fəlsəfi baxış — Həkim-psixiatr Orxan Fərəcli;
• İntihar, idrak və zaman — Dosent Məhərrəm Əliyev;
• EMDR və neyropsixologiya: beynin travmanı sağaltma mexanizmi — EMDR terapevt Süleyman Məmmədzadə;
• İrrasional inanclar və yerli sosial stereotiplərin dəyişdirilməsində KDT-nin rolu — Klinik psixoloq Xudaverdi Məmmədov;
• Nitq inkişafında gecikmələr: Loqopedik diaqnostika və erkən müdaxilənin əhəmiyyəti — Loqoped Nərmin Rüstəmova;
• Beyin siqnallarından davranışa – neyropsixoloji cihazların rolu — Həkim-nevroloq Səyanə Əliyeva;
• Sxem terapiya mental sağlamlığımız haqqında nə deyir? — Klinik psixoloq Şəbnəm Əşrəfzadə.
Məruzələrdə psixoloji xidmətlərin elmi əsaslarla təkmilləşdirilməsi, klinik praktikanın inkişafı, yeni texnologiyaların tətbiqi, psixoterapevtik müdaxilə üsullarının effektivliyi, nitq inkişafındakı gecikmələrin erkən diaqnostika və korreksiya ilə həlli, eləcə də müasir psixologiyanın aktual nəzəri və klinik istiqamətləri geniş şəkildə müzakirə olunub.
Konfransın sonunda tədbirin yüksək təşkilati səviyyədə həyata keçirildiyi və ölkədə psixologiya sahəsinin inkişafına mühüm töhfələr verdiyi qeyd edilib. Bu elmi platformanın gələcək illərdə də davam etdirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.