AZ

25 Noyabr Kəlbəcərə qayıdış: tarixdən gələcəyə uzanan Zəfər yolu

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycan dövlətinin və xalqının həyatında bəzi tarixlər var ki, onlar yalnız təqvim hadisəsi deyil, milli şüurun, iradənin və dövlətçilik yaddaşının simvoluna çevrilir. 25 noyabr məhz belə tarixi günlərdən biridir. Bu gün, Kəlbəcər rayonunun işğaldan azad edildiyi gün təkcə bir ərazinin geri qaytarılması deyil, həm də bir millətin sarsılmaz iradəsinin, haqq-ədalət mübarizəsinin və strateji zəkanın parlaq təntənəsidir.

Kəlbəcər tək coğrafiya yox, milli yaddaşdır

Kəlbəcər Azərbaycan üçün sadəcə dağlar, meşələr və çaylardan ibarət bir ərazi deyil. Bu torpaq qədim türk yurdu, zəngin mineral sərvətləri, nadir təbiəti və mədəni irsi ilə Azərbaycanın strateji dayaqlarından biri olub. 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Kəlbəcər 27 il ərzində yalnız fiziki məkan deyil, həm də yaralı bir yaddaşa, yanan bir vicdana çevrilmişdi.

O dövrdə Kəlbəcərin işğalı təkcə hərbi yox, həm də siyasi iflasın göstəricisi idi. Müstəqilliyini yeni bərpa etmiş, daxili çəkişmələr və xəyanətlərlə sarsıdılmış bir dövlət üçün bu faciə böyük bir dərs oldu. Lakin tarix göstərdi ki, Azərbaycan xalqı nə unutdu, nə də boyun əydi.

Ulu Öndər Heydər Əliyevdən, cənab Prezident İlham Əliyevə ardıcıl və qətiyyətli yol

Ulu Öndər Heydər Əliyev hələ 1993-cü ildən başlayaraq bu torpaqların bir gün mütləq geri qaytarılacağını bəyan edirdi. O, diplomatik cəbhədə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqla yanaşı, güclü ordu quruculuğunun əsasını qoydu. Bu, gələcək zəfərin fundamental sütunu oldu.

Bu siyasi xətti cənab Prezident İlham Əliyev daha da inkişaf etdirdi və müasir hərbi texnologiyalarla güclənmiş, ruhu və vətənpərvərlik ideologiyası ilə yoğrulmuş ordu formalaşdırdı. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə isə bu strateji uzaqgörənliyin, planlı və məqsədyönlü siyasətin nəticəsi idi.

Kəlbəcərin 25 noyabrda bir güllə belə atılmadan boşaldılması, ölkəmizin yalnız hərb meydanında yox, diplomatik və siyasi platformada da qalib olduğunu bütün dünyaya nümayiş etdirdi. Ermənistan faktiki olaraq kapitulyasiya sənədinin şərtlərinə tabe oldu və Kəlbəcəri tərk etməyə məcbur qaldı.

Sükutla qazanılan Qələbənin gur sədası bütün dünyada eşidildi

“Biz Kəlbəcəri döyüşlə deyil, siyasi qətiyyət, hərbi güc və xalq birliyi ilə geri aldıq. Bu, Azərbaycanın sükutla qazandığı ən gur qələbələrdən biridir”.

Bəzi qələbələr var ki, onlar top güllələri ilə deyil, siyasi qətiyyət və milli birliklə qazanılır. Kəlbəcərin qaytarılması bu baxımdan unikal bir hadisədir. Bu, Azərbaycanın hərbi gücünün Ermənistan üçün artıq inkarolunmaz bir reallığa çevrildiyinin sübutu idi.

25 noyabr qürurun, əzmkarlığın və dövrün dəyişdiyinin rəsmən tanındığı gündür. Bu tarix sübut etdi ki, Azərbaycan daha zəif, parçalanmış ölkə deyil. Dövlət başçısı cənab Prezident İlham Əliyevin siyasi iradəsi sarsılmazdır. Azərbaycan Ordusu regionun ən güclü gücüdür və Beynəlxalq hüquq, gec də olsa, qalib gəlir.

Kəlbəcər artıq yeni dövrün yaşayır.

Bu gün Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, yenidən qurulan Azərbaycan modelinin əsas simalarından birinə çevrilib. Burada “ağıllı şəhər”, “yaşıl enerji zonası” konsepsiyaları, ekoturizm, hidroenerji və yüksək dağ kənd təsərrüfatı layihələri həyata keçirilir. Yeni yollar, tunellər, hava əlaqələri, bütün bunlar Azərbaycanın işğaldan azad edilmiş ərazilərə verdiyi dəyərin bariz nümunəsidir.

Kəlbəcər artıq gələcəyin şəhəridir. Bu, dağıntıdan dirçəliş yaradan dövlətin güzgüsüdür. Bu gün bütün dünyaya bir mesajdır: Azərbaycan torpaqlarını heç vaxt unutmaz və heç kəs onun iradəsini sınaya bilməz. 25 noyabr, eyni zamanda, gələcək nəsillər üçün siyasi bir dərsdir. Dövlət güclü olanda, lider qətiyyətli olanda, xalq bir olan zaman işğal yox, zəfər yazılır.

Kəlbəcər xalqın zəfər möhürüdür.

25 Noyabr Kəlbəcər Günü artıq təkcə bir rayonun azadlığı yox, milli dirçəlişin, tarixi ədalətin və dövlət iradəsinin simvoludur. Bu gün Azərbaycan tarixində şərəfli bir səhifə kimi qalacaq və gələcək nəsillərə ötürüləcək.

Kəlbəcərə qayıdış Azərbaycan xalqının özünə qayıdışı deməkdir. Bu torpaq Azərbaycanındır. Bugün də, sabah da, əbədi olaraq!

Nicat İsmayılov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
107
icma.az

1Mənbələr