AZ

ABŞ və Ukrayna yenilənmiş "sülh planı" hazırlayıblar   

Marko Rubio:  Cenevrə danışıqlarında əhəmiyyətli irəliləyiş əldə edilib

 Ukrayna və ABŞ rəsmiləri eyni vaxtda - 24 noyabr bazar ertəsi gecəsi iki ölkənin nümayəndə heyətlərinin Cenevrədə "məhsuldar danışıqlar" zamanı Ukraynada sülhə nail olmaq üçün birgə yenilənmiş "çərçivə sənədi" hazırladıqlarını açıqlayıblar.

Ağ Evin və Ukrayna Prezidentinin veb saytlarında müvafiq birgə bəyanat dərc edilib. Qeyd olunub ki, hər iki tərəf məsləhətləşmələrin məhsuldar olduğunu qəbul edib. Bəyanatda deyilir: "Tərəflər gələcək hər hansı bir razılaşmanın Ukraynanın suverenliyinə tam hörmət etməli, habelə davamlı və ədalətli sülhü təmin etməli olduğunu bir daha təsdiqləyiblər".  

Birgə bəyanata görə, hər iki tərəf sənəd üzərində "yaxın günlərdə" intensiv işi davam etdirmək və Avropa tərəfdaşları ilə sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər. 

Görüşdən bir neçə saat sonra ABŞ dövlət katibi Marko Rubio Donald Tramp administrasiyasının "sülh planı"nın yenidən işlənmiş versiyasının həyata keçirilməsi üçün yüksək potensiala malik olduğuna əminliyini bildirib. Noyabrın 23-də Cenevrədə Ukrayna nümayəndə heyətinin nümayəndələri və onun Avropa müttəfiqləri ilə məsləhətləşmələrdən sonra o, jurnalistlərə deyib ki, danışıqlar nəticəsində indi gələcək iş üçün əsas olacaq "təməl sənəd" hazırlanıb. 

Ukrayna nümayəndə heyətinin rəhbəri Andriy Yermak da İsveçrədəki Amerika nümayəndələri ilə danışıqların məhsuldar xarakter daşıdığını qeyd edib.

" Danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib və biz çox nikbinik ki, məqsədimizə qısa zamanda, çox ağlabatan bir müddətdə çatacağıq. Sadəcə, bugünküdən daha çox vaxta ehtiyacımız var. Mən buna nail ola biləcəyimizə qəti şəkildə əminəm. Cenevrə danışıqlarında hələ də həll edilməli bir neçə məsələ var və bundan sonra ABŞ-nin "sülh planında" əlavə dəyişikliklər edilə bilər, - Rubio deyib. Amerikalı siyasətçinin dediyinə görə, xüsusilə Avropa İttifaqı və NATO-nun münaqişənin həllində rolu müzakirə olunmalıdır.

Sənəd daha sonra ABŞ və Ukrayna arasında prezidentlər səviyyəsində razılaşdırılmalıdır ki, bu da Rubionun Donald Tramp və Volodimir Zelenski arasında yeni təmaslara imkan yaratmasına səbəb olacaq.

 Bundan əlavə, Marko Rubio qeyd edib ki, Rusiya tərəfi də qarşıdan gələn razılaşmalarla bağlı mövqeyini bildirəcək. "Aydındır ki, rusların burada söz hüququ var, elə deyilmi?" - o əlavə edib. 

Məlumata görə, Cenevrə danışıqlarında irəliləyiş əldə olunarsa, Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evə səfəri gələn həftə baş tuta bilər. 

DPA  agentliyinin xəbərinə əsasən, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün ABŞ planına düzəliş etmək üçün Avropa təklifləri arasında Kiyevin xeyrinə bir neçə əsas müddəanın əhəmiyyətli dərəcədə zəiflədilməsi də var.  “Reuters”in öz mənbələrinə istinadən dərc etdiyi Avropa "sülh planı" təklifinə görə, Ukrayna hökumətindən hazırda  nəzarətində olan əraziləri Rusiyaya güzəştə getmək tələb olunmayacaq. Bundan əlavə, plan müharibə zamanı Rusiya tərəfindən ələ keçirilən ərazilərin faktiki olaraq tanınmasını nəzərdə tutmur. 

Məlum olduğu kimi, noyabrın 20-də ABŞ Ukrayna üçün 28 bəndlik sülh planı təqdim edib. Sənədə əsasən, rəsmi Kiyev digər məsələlərlə yanaşı, qoşunlarını Donbasdan tamamilə çıxarmalı, ordusunu əhəmiyyətli dərəcədə azaltmalı, uzaqmənzilli silahlardan imtina etməli və NATO-ya qoşulmamalıdır.

 Cenevrə görüşündən əvvəl Donald Tramp sosial media platforması “Truth Social”dakı çoxsaylı paylaşımlarından birində Kiyevin "sülh planı"nın ilk versiyası üzərindəki səylərinə kifayət qədər minnətdar olmadığını yazıb. V. Zelenskinin veb saytında dərc olunan açıqlamada deyilir ki, "Ukrayna nümayəndə heyəti bir daha ABŞ-yə və xüsusən də şəxsən Prezident Donald Trampa minnətdarlığını bildirib".

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
49
azerbaijan-news.az

1Mənbələr