AZ

Meyvələrdə sümükləri gücləndirən maddələr aşkarlandı

Meyvələrdə təbii olaraq mövcud olan polifenolların sümük mineral sıxlığının qorunmasına və sümük toxumasında iltihabi proseslərin azalmasına müsbət təsir göstərə biləcəyi müəyyən olunub.

Editor.az xəbər verir ki, bu qənaətə Milan Universiteti və Pavia Universitetinin alimləri gəliblər. Tədqiqatın nəticələri Nutrients jurnalında dərc edilib.

Mütəxəssislər meyvələrdəki bioloji aktiv birləşmələrin sümük sağlamlığına təsirini öyrənmək üçün klinik sınaqlar, heyvan tədqiqatları və hüceyrə modellərini əhatə edən 19 elmi işi təhlil ediblər. Araşdırmada xüsusilə antosiyaninlərə diqqət yetirilib. Antosiyaninlər bitkilərdə rast gəlinən və iltihabdan, oksidləşdirici stressdən qoruyucu təsir göstərən polifenol qrupuna aid təbii antioksidantlardır. Bu maddələr meyvələrə mavi, bənövşəyi və qırmızı rəng çalarlarını verir.

Müşahidə tədqiqatları göstərib ki, antosiyaninlə zəngin qidalanma sümük mineral sıxlığının (BMD) artması ilə əlaqələndirilir. Qaragilə və qara qarağatla aparılan kiçik klinik sınaqlar da BMD-də və sümük dövriyyəsi markerlərində müəyyən müsbət dəyişiklikləri üzə çıxarıb. Bununla belə, araşdırmalar arasında metodoloji fərqlər olduğundan nəticələr tam sabit hesab edilmir.

Laboratoriya şərtlərində isə təsir daha aydın müşahidə olunub: Meyvə ekstraktları sümük toxumasını parçalamaqda iştirak edən osteoklastların aktivliyini azaltdığı, əksinə, yeni sümük əmələ gəlməsinə cavabdeh olan osteoblastların fəaliyyətini artırdığı müəyyən edilib. Polifenollar eyni zamanda sümüyü iltihabdan və sərbəst radikalların zədələyici təsirindən qoruyur.

Bununla belə, araşdırmanın müəllifləri qeyd edirlər ki, mövcud sübutlar hələ də məhduddur və daha genişmiqyaslı klinik tədqiqatlara ehtiyac var.

//Gülnarə Abasova, Editor.az

Seçilən
65
editor.az

1Mənbələr