Avropa Şurasının sədri Antonio Kosta Ukraynada mövcud problemin həllini müzakirə etmək məqsədilə Anqolanın paytaxtı Luandada Avropa İttifaqı liderlərinin iştirakı ilə qeyri-rəsmi görüş keçirəcək.
Editor.az xəbər verir ki, görüşün Mərkəzi Avropa vaxtı ilə saat 10:30-da keçirilməsi nəzərdə tutulur.
Məlumatlara görə, Aİ–Afrika sammitində iştirak etməyən Avropa İttifaqı liderləri toplantıya onlayn formatda qoşulmağa dəvət olunublar.
Qeyd edək ki, noyabrın 23-də Britaniyanın “The Telegraph” qəzeti Ukraynadakı silahlı münaqişənin həlli ilə bağlı Avropa ölkələrinin hazırladığı sülh planının detalları̇nı yayıb. Sənəd 24 bənddən ibarətdir və havada, quruda və dənizdə tam və qeyd-şərtsiz atəşkəsin təmin olunmasını tələb edir. Həmçinin ABŞ və Aİ ölkələrinin iştirakı ilə monitorinq mexanizmlərinin texniki icrasına dair danışıqların dərhal başlanması təklif olunur.
Bu sənəd ABŞ prezidenti Donald Trampın təqdim etdiyi 28 bəndlik sülh planına cavab xarakteri daşıyır.
//Gülnarə Abasova, Editor.az