AZ

Aktotı Raimkulova: Türk irsini qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək lazımdır

Astana, 24 noyabr, AZƏRTAC

“Əlem əyeni” beynəlxalq incəsənət festivalının missiyası Türk dünyasını ortaq mədəni irs ətrafında birləşdirməkdir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bildirib. Onun sözlərinə görə, festival çərçivəsində türk ustaları və milli musiqi alətləri istehsalçıları arasında görüşlər, ustad dərsləri və Astanada İncəsənət Muzeyinin açılışı olacaq. “Bu muzeyə Türk dünyasından - Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Macarıstandan olan sənətkarlar tərəfindən hazırlanmış unikal alətlər bağışlanacaq. Mərasimdə alimlər, tədqiqatçılar və sənətkarlar öz əsərlərini təqdim edəcəklər”, - deyə o əlavə edib.

Bundan əlavə, festival çərçivəsində “Əlem əyeni” adlı böyük qala-konsertin keçirilməsi planlaşdırılır. Türk dünyası miqyasında bu ilk tədbirdən sonra gələcəkdə də oxşar festivalların keçirilməsi planlaşdırılır.

“Əsas məqsəd Türk dünyasının musiqi alətləri istehsalı ənənələrini qorumaq və inkişaf etdirmək, sənətkarların təcrübə və biliklərini gələcək nəsillərə ötürməkdir. Simpoziumda müxtəlif ölkələrdən aparıcı professorlar, alimlər və mütəxəssislər iştirak edirlər. Burada ortaq mədəni təşəbbüslərin çətinlikləri, perspektivləri və daha da inkişaf etdirilməsi yolları müzakirə olunur”, - deyə Raimkulova qeyd edib.

O, həmçinin sənətkarların və alimlərin dəyirmi masa görüşünün təşəbbüskarı və təşkilatçısı olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rolunu vurğulayıb.

“Bu tədbir bütün türk icması üçün böyük əhəmiyyət kəsb edir. Biz - Türk dünyası türk ölkələri liderlərinin müəyyən etdiyi ideya və məqsədlərin həyata keçirilməsini təmin etmək üçün birləşməliyik”, - deyə o bildirib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
23
1
azertag.az

2Mənbələr