AZ

Təbiətin möhtəşəmliyi ilə idarəetmənin tərsmütənasibliyi – “Göygöl”də havanı satırlar? – Reportaj

Təbiətin möhtəşəmliyi ilə idarəetmənin tərsmütənasibliyi

Azərbaycanın ən məşhur və ən çox ziyarət edilən təbiət incilərindən biri olan Göygöl hər kəsdə saf su, səssiz dağlar və möhtəşəm mənzərə təsəvvürü oyadır. Lakin parkın qapısından içəri daxil olanda reallıq gözləntiləri fərqli istiqamətə yönəldir. Qarşıya çıxan ilk detallardan başlayaraq insanı heyranlıqdan çox təəccüb və narahatlıq hissi müşayiət edir: işləməyən işıq dirəkləri, zibil qabına çevrilmiş lampalar, izah olunmayan qadağalar…

Təbiətin füsunkarlığı ilə infrastrukturun xaosu arasında ziddiyyət

Göygöl Milli Parkına giriş üçün hər bir şəxs üçün 2 manat ödənilməlidir. Bir nüans da var. Daha 2 manat da avtomobil üçün tələb edilir.

Bu masalarda əyləşmək olmaz — amma niyə? Cavab yoxdur

Parkın içərisində avtomobil saxlanılma yerinə yaxın masalar var. Deməmişkən, bu masalarda oturmaq qəti şəkildə qadağandır. Bizə yaxınlaşan əməkdaş “Vergi icazə vermir. İcazə verilsə idi, 10 manat alıb oturub deyərdim də” deyərək, bu masalardan istifadə etməyin mümkünsüz olduğunu bildirdi. Səbəb barədə suallar isə cavabsız qaldı. Fərqli səmtlərdə olan bu iki obyekt fəaliyyət göstərmirmiş…

Oturmaq üçün alternativ olaraq yalnız ödənişli obyektlər göstərilir. Lakin bu obyektlərin əksəriyyəti ziyarətçilərə xeyli uzaqdadır. Sağlamlıq imkanları məhdud olanlar isə bu məsafəni piyada qət edə bilmir. Maşınla yaxınlaşmaq isə yenə qadağandır.

Gölə yaxından baxmaq da qadağandır

“Tabloda göldə çimmək qadağandır” yazılsa da, gölün yaxınına düşmək üçün yol olduğu hal da, o da “qadağandır” bildirilir.

İşığı sönmüş lampalar, zibil qabına çevrilmiş dirəklər…

Parkın girişindən başlayaraq gölə gedən yol boyu diqqəti çəkən ilk detal işıqlandırmanın demək olar ki, işləməməsidir. Dirəklərin böyük əksəriyyəti ya sınıb, ya da istifadəyə yararsız hala düşüb.Beton işıqlandırma lampalarının 90 faizi tamamilə zədəlidir və içi zibil qabına çevrilib. Var olmalı olan lampaları qurumuş yarpaqlar və müxtəlif tullantılar əvəz edib.

İşıqlandırmanın bu vəziyyətdə olması səbəbilə hava qaralmadan qayıtmaq məcburiyyəti yaranır.

Əsrarəngiz göl — yarımçıq ziyarət

Göygölün rəngləri, ətraf dağların səssizliyi və suyun sakitliyi ziyarətçini sözün əsl mənasında təsirləndirir. Amma infrastruktur bu gözəlliyi müşayiət etməyə kifayət etmir. Ziyarətçilər gölün gözəlliyini görür, lakin parkın şəraitsizliyi səbəbindən burada uzun müddət qala bilmir.

Sonda qeyd edək ki, orada alternativ çatdırılma nəqliyyatı də fəaliyyət göstərmir – hətta əlavə ödənişlə belə. Və buna görə də təəssüf ki, piyada çox insan nə yemək üçün, nə də gölün füsunkarlığından həzz ala bilmək üçün o yolu gedə bilir. Sadəcə avtomobildə oturaraq havasını qoxlamaqla kifayətlənir.

Alınan ödəniş sadəcə hava almaq üçün imiş…

Seçilən
68
nocomment.az

1Mənbələr