AZ

Pakistanda polis qərargahına intiharçı hücumu: Ölənlər var...

Peşavarda Federal Polis qərargahına silahlı basqın təşkil edilib...

Poliqon xəbər verir ki, Pakistanın Peşavar şəhərinin Səddar rayonunda yerləşən Federal Polis qərargahına intiharçılar tərəfindən təşkil edilən hücum nəticəsində bir neçə nəfər həlak olub, yaralananlar var.

Dawn nəşrinin polisə istinadən bildirdiyinə görə, üç terrorçu bazar ertəsi səhər saatlarında qərargaha hücum etməyə cəhd göstərib. Onlardan biri giriş qapısının yanında özünü partladıb, digər iki silahlı isə əraziyə daxil olmağa çalışarkən polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Peşavar polisinin yüksək rütbəli rəsmisi doktor Mian Səid Əhməd bildirib ki, hücumun əsas məqsədi binanın içərisinə sızmaq olub.

Təhlükəsizlik xidmətindəki mənbələrin məlumatına görə, hücum saat 08:00 radələrində baş verib. Terrorçular əvvəlcə FK qərargahının giriş qapılarını hədəfə alıb. Bir intiharçının özünü partlatmasından sonra digər iki nəfər içəri daxil olmağa cəhd etsə də, təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutularaq öldürülüb.

Hadisə nəticəsində üç polis əməkdaşı da həlak olub, daha iki nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanalara çatdırılıb. Peşavarın ən böyük dövlət xəstəxanası olan Lady Reading (LRH) Hospitalında və Hayber Tibb Mərkəzində fövqəladə vəziyyət elan edilib. Həkimlər yaralıların vəziyyətinin stabil saxlanılması üçün əlavə tibbi personalın cəlb olunduğunu bildirirlər.

Təhlükəsizlik orqanları ərazidə genişmiqyaslı əməliyyat keçirir və hücumun mümkün təşkilatçıları araşdırılır. Hadisənin baş verməsi regionda terror təhlükəsinin yenidən artdığını göstərir.

Poliqon.info

Seçilən
43
poliqon.info

1Mənbələr