BAKI, 24 noyabr. TELEQRAF
Qırğızıstanda sabiq prezident Almazbek Atambayevin oğlu Kadırbek Atambayev və keçmiş prezidentlə müttəfiq olan bir neçə siyasətçi saxlanılıb.
Teleqraf xəbər verir ki, onlar parlament seçkilərindən sonra kütləvi iğtişaşlar planlaşdırmaqda ittiham olunurlar.
O cümlədən, Qırğızıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Kadırbek Atambayevdən başqa, Milli Təhlükəsizlik Dövlət Komitəsinin Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Damir Musakeyev, Sosial Demokrat Partiyasının lideri Temirlan Sultanbekov, eləcə də keçmiş deputatlar Şaylobek Atazov və Kubanıçbek Kadırov saxlanılıb.
Nazirlikdən verilən məlumata görə, saxlanılan 5 nəfərin hamısı kütləvi narazılıq görüntüsü yaratmaq üçün ölkədə növbədənkənar parlament seçkilərindən sonra silsilə aksiyalar təşkil etməyi planlaşdırıblar. Qeyd edilib ki, saxlanılan şəxslər konstitusiyaya zidd tələblər irəli sürərək inzibati binalar, telekanallar, hüquq-mühafizə orqanları, silah-sursat və cəzaçəkmə müəssisələrini də ələ keçirməyi planlaşdırıblar.
Qırğızıstanda növbədənkənar parlament seçkiləri noyabrın 30-na təyin edilib.