AZ

Azərbaycan–Türkiyə əməkdaşlığı ilə bağlı VACİB MESAJ

Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətləri regionda sülh və təhlükəsizliyin təmin olunması baxımından örnəkdir.

Musavat.com xəbər verir ki, bu fikirləri Şuşa şəhərində keçirilən Azərbaycan-Türkiyə Beyin Mərkəzlərinin Birinci Şuşa Forumunda çıxışı zamanı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

O vurğulayıb ki, Azərbaycan–Türkiyə münasibətləri son illərdə həm siyasi, həm hərbi, həm də iqtisadi sahələrdə dərinləşərək nümunəvi əməkdaşlıq modelinə çevrilib:

“İki ölkə arasında əməkdaşlığın əsas dayaqlarından biri informasiya təhlükəsizliyidir. Media müstəvisində aparılan diversiya cəhdlərinin və manipulyativ narrativlərin qarşısının alınması üçün Azərbaycan və Türkiyənin daha koordinasiyalı şəkildə fəaliyyət göstərməsi vacibdir”.

F.Şəfiyev eyni zamanda enerji layihələri, nəqliyyat dəhlizləri, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya və müdafiə sektorunda əməkdaşlığın regionun gələcək təhlükəsizliyi möhkəmləndirdiyini qeyd edib.

WhatsApp

Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri Polat Safi isə çıxışında Azərbaycan və Türkiyə arasında formalaşmış müttəfiqlik münasibətlərinin regional sabitlik üçün real və praktik model olduğunu deyib. O bildirib ki, “Bir millət, iki dövlət” prinsipi bu gün yalnız siyasi şüar deyil, konkret əməkdaşlıq mexanizmləri ilə möhkəmlənmiş strateji çərçivəyə çevrilib:

“Bir çox sahədə tərəfdaşlıq və humanitar əməkdaşlıq regionda sabitlik, iqtisadi inkişaf və təhlükəsizliyin formalaşmasına ciddi töhfə verir. Fikrimcə, Azərbaycan və Türkiyə beyin mərkəzləri arasında əlaqələrin genişləndirilməsi önəmlidir. Bu, yeni geosiyasi çağırışlara operativ reaksiya vermək baxımından mühüm əhəmiyyət kəsb edir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
97
musavat.com

1Mənbələr