AZ

Məişət texnikasının qaytarılması zamanı nəyi bilməliyik?

Gündəlik istifadə olunan məişət texnikasının geri qaytarılması və ya dəyişdirilməsi bəzən alıcılarla mağazalar arasında anlaşılmazlıq yaradır.

AzPost.az xəbər verir ki, bir çox vətəndaş aldıqları məhsuldan narazı qaldıqda prosedurun necə aparılmalı olduğunu tam bilmədiyi üçün əlavə problemlər meydana çıxır. Qanunvericilik isə bu məsələləri kifayət qədər aydın şəkildə tənzimləyir.

Qanuna əsasən, qüsurlu məhsul alındıqda istehlakçı onu dəyişdirmək, başqa məhsulla əvəz etmək və ya pulunu geri almaq hüququna malikdir. Bu halda mağaza heç bir əlavə ödəniş tələb edə bilməz. Satış məntəqəsi məhsulu servisdə yoxlatdırmaq hüququna malikdir, lakin alıcıya mütləq sənəd təqdim olunmalıdır və proses şəffaf aparılmalıdır.

Qüsur olmadığı halda, lakin məhsul istehlakçıya uyğun gəlmirsə, dəyişdirilmə mağazanın daxili qaydalarından asılıdır və bu, qanunla məcburi sayılmır. Bu səbəbdən, alıcılar alış zamanı qaytarılma şərtlərini dəqiqləşdirməlidirlər.

AzPost.az-a daxil olan bir şikayətdə Quba rayonunda Baku Electronics-dən alınan əl ütüsünün geri qaytarılması zamanı anlaşılmazlıq yaşandığı bildirilir. İddialara görə, məhsul servisə göndərilib, qüsur olmadığı deyilib, daha sonra isə geri qaytarılma üçün “əlavə ödəniş tutulacağı” barədə məlumat verilib. Mütəxəssislər bildirirlər ki, qüsurlu olmayan məhsulun dəyişdirilməsi mağazanın qaydalarına uyğun mümkün ola bilər, lakin bu şərtlər əvvəlcədən alıcıya aydın şəkildə izah edilməlidir.

İstehlakçılara tövsiyə olunur ki, alış zamanı çek və zəmanət sənədlərini saxlasınlar, qaytarılma şərtlərini öyrənsinlər və servisə göndərilən hər bir məhsul üçün rəsmi sənəd tələb etsinlər.

Seçilən
26
1
azpost.info

2Mənbələr