AZ

Ukraynanın taleyi masada: ABŞ planı ilə Avropa təklifinin 12 əsas fərqi

Ukrayna müharibəsinin 4-cü ilində Vaşinqtonun hazırladığı 28 bəndlik “Tramp planı” ətrafında gedən müzakirələrə Avropadan cavab gəldi. Britaniya, Fransa və Almaniyanın müəllifi olduğu 28 bəndlik qarşı-sənəd faktiki olaraq ABŞ layihəsini sətir-sətir dəyişir və müharibənin necə bitməli olduğu barədə fərqli konsepsiya ortaya qoyur.

Musavat.com xəbər verir ki, iki paket arasında ən azı 12 fundamental fərq görünür və bu fərqlər təkcə Ukraynanın gələcəyini deyil, Avropanın təhlükəsizlik arxitekturasını da yenidən cızır.

1. Sülhün fəlsəfəsi: “müharibəni dayandırmaq” və “ədalətli sülh”

ABŞ planının mərkəzi tezisi müharibəni tezliklə dayandırmaqdır: Vaşinqton açıq şəkildə bildirir ki, əgər indi razılaşma əldə olunmasa, Ukrayna daha çox ərazi itirə bilər və buna görə kompromisə getməlidir. Avropa isə cavab sənədində “sülh kapitulyasiya olmamalıdır” mesajını önə çəkir, Rusiyanın təcavüzkar statusunun tanınmamasını və razılaşmanın beynəlxalq hüquqa uyğun olmasını şərt qoyur.

2. NATO məsələsi: qapı tam bağlanır, yoxsa yarıaçıq qalır?

ABŞ planına görə, Ukrayna Konstitusiyada NATO-ya heç vaxt qoşulmayacağına dair öhdəlik götürür, Alyans da öz sənədlərində Kiyevin üzvlüyünü əbədi istisna edir.  Avropa təklifi bu hissəni yumşaldır: “Ukraynanın NATO-ya qoşulması üzvlərin konsensusundan asılıdır, hazırda belə konsensus yoxdur” deyilir, amma qapı prinsipial olaraq bağlanmır.

NATOM.jpg

3. Ordunun ölçüsü: 600 minlik limit, yoxsa 800 minlik?

Tramp planı Ukrayna Silahlı Qüvvələrinin sayını 600 min nəfərlə məhdudlaşdırır ki, bu da hazırkı səviyyədən xeyli aşağıdır.  Avropa sənədi isə limiti 800 minə qaldırır və Kiyevin özünü müdafiə qabiliyyətini daha real rəqəmlə təmin etməyə çalışır.

4. NATO-nun Ukrayna ərazisində mövcudluğu

ABŞ versiyası NATO qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsini tam istisna edir və bunu Moskvanın əsas tələblərindən biri kimi qəbul edir. Avropa planı isə daimi kontingentin olmadığını təsdiqləsə də, NATO qırıcılarının Polşada dislokasiyası, region üzrə əlavə təhlükəsizlik mexanizmləri kimi bəndlərlə Rusiyanın tam “tampon zona” istəyini məhdudlaşdırır.

5. Təhlükəsizlik zəmanətləri: Trampın “mini-Maddə 5” modeli və kollektiv mexanizm

ABŞ sənədi Ukraynaya ABŞ tərəfindən faktiki olaraq NATO-nun 5-ci maddəsinə bənzər, lakin şərtli təhlükəsizlik zəmanəti verir, bunun müqabilində Vaşinqtonun kompensasiya alacağı qeyd olunur. Avropa planında isə zəmanətlər daha kollektiv xarakter daşıyır: “robust security guarantees” ifadəsi altında həm ABŞ, həm Avropa, həm də beynəlxalq strukturların iştirak edəcəyi mexanizm nəzərdə tutulur, şəxsi liderlikdən çox institusional model vurğulanır.

6. Mübahisəli ərazilər və “Donbas – Krım formulu”

ABŞ layihəsinin ictimailəşən izahlarında Ukraynanın bütün Donbası Rusiya nəzarətində tanıması, Krım, Donetsk və Luqanskın faktiki olaraq Moskvaya verilməsi kimi bəndlər önə çıxır. Avropa mətni isə konkret ərazi adları çəkmir, danışıqların “təmas xəttindən” başlamasını, gələcək sərhədlərin yalnız sülh danışıqları nəticəsində müəyyənləşməsini və hər iki tərəfin bu sərhədləri güc yolu ilə dəyişməmək öhdəliyini qeyd edir.

7. Sanksiyalar və Rusiyanın qayıdışı: sürətli “amnistiya”, yoxsa şərtli reinteqrasiya

Tramp planı Rusiyanın sanksiyalardan mərhələli çıxarılmasını, Kremlə enerji, infrastruktur, Arktika layihələri üzrə geniş iqtisadi əməkdaşlıq və G8-ə qayıdış vədi verir; tək şərt – yeni hücum olarsa, sanksiyalar bərpa olunur.  Avropa isə eyni istiqaməti saxlayır, amma daha sərt şərtlərlə: sanksiyaların yalnız müharibə ziyanının ödənilməsi, Rusiyanın hücumdan imtina etməsi və beynəlxalq öhdəliklərə əməl etməsi fonunda yumşaldılacağı vurğulanır, dondurulmuş rus aktivlərinin Ukraynanın kompensasiyası üçün istifadə olunması ayrıca qeyd edilir.

8. İqtisadi bərpa paketi: “Amerika layihəsi” və “Avropa marşal planı”

ABŞ planı Ukraynanın yenidən qurulmasını əsasən ABŞ rəhbərliyində yaradılacaq İnkişaf Fondu, ABŞ-Ukrayna qaz infrastrukturunun birgə istismarı və xüsusi investisiya layihələri üzərindən təsəvvür edir. Avropa sənədi isə Dünya Bankının xüsusi paketi, Ukraynanın Avropa bazarına preferensial çıxışı, gələcəkdə Aİ üzvlüyünə namizədlik perspektivi ilə daha çox “Avropa marşal planı”na bənzəyən çərçivə yaradır.

9. Avropanın prosesdə rolu: kənardan müşahidəçi, yoxsa həmtəsisçi?

ABŞ planı əsasən Vaşinqton-Moskva-Kiyev üçbucağında işlənib, Avropa paytaxtları bu prosesdən faktiki kənarda qalıblar və bunu gizlətmirlər. Məhz buna cavab olaraq London, Paris və Berlin öz 28 bəndlik qarşı-sənədlərini təqdim edib, danışıqların formatında Avropanın qərarverici tərəf kimi tanınmasını tələb edirlər.

MUHAR

10. Humanitar gündəm və ədalət məsələsi

ABŞ layihəsində əsirlər, deportasiya olunmuş uşaqlar, müharibə cinayətləri kimi mövzular ikinci planda qalır, sənəd daha çox geosiyasi barterə bənzəyir. Avropa mətni isə ayrıca humanitar komitə, “hamı-hamıya” əsir mübadiləsi, uşaqların qaytarılması, qurbanların hüquqlarının tanınması, müharibədən sonra seçkilərin keçirilməsi və s. kimi bəndlərlə siyasi nizamlanmaya ədalət elementini əlavə etməyə çalışır.

11. Enerji və nüvə təhlükəsizliyi

Hər iki sənəddə Zaporojye AES-inin işi, IAEA nəzarəti və istehsal olunan enerjinin Ukrayna ilə Rusiya arasında bölüşdürülməsi nəzərdə tutulur, lakin ABŞ planı Rusiyanın enerji layihələrində “bərpa olunmuş tərəf” kimi yer almasına böyük önəm verir. Avropa isə burada daha çox təhlükəsizlik və bərabər paylaşım ritornikasına üstünlük verir, enerji sahəsini Moskvanın siyasi təsir alətinə çevrilməsinin qarşısını almağa çalışır.

12. Zamanlama və “aqressiv qrafik”

ABŞ tərəfi planın “aqressiv qrafiklə” – yəni qısa müddətdə qəbulunu istəyir, Vaşinqtondan sızan mesajlarda “Ukraynanın çox vaxtı qalmayıb” kimi fikirlər səslənir. Avropa paytaxtları isə tələsdirici yanaşmanın əleyhinədir: Aİ liderləri bildirirlər ki, danışıqlar yalnız atəşkəs və ya döyüşlərin kəskin azalması fonunda, Ukraynanın iradəsini nəzərə alaraq aparıla bilər, “sülh Ukraynasız masada yazıla bilməz”.

MUSAVAT.COM-un ŞƏRHİ: Ukraynanın taleyi iki konsepsiyanın kəsişməsində

Beləliklə, ABŞ və Avropa planları kağız üzərində bir çox oxşar bəndlərə malik olsa da, mahiyyətcə iki fərqli fəlsəfə təklif edir. Vaşinqton üçün prioritet Ukraynanın əvəz hesabına da olsa, müharibəni tez dayandırmaq və Rusiyanı qlobal sistemə “idarə olunan şəkildə” qaytarmaqdır. Avropa isə Rusiyanın cəzalandırılmadan bərpa olunmasının gələcəkdə Baltikdən Qafqaza qədər bütün şərq cinahı üçün yeni təhdid yaradacağını anlayır və buna görə daha sərt, hüquqa söykənən, Ukraynanın suverenliyi və təhlükəsizliyini minimum səviyyədə də olsa təmin edən çərçivə qurmağa çalışır.

Bu iki yanaşma arasındakı 12 fərq gələcək həftələrdə Cenevrə danışıqlarının əsas mübarizə meydanına çevriləcək. Ukrayna rəhbərliyi isə həm Vaşinqtonun dəstəyini itirməmək, həm də dövlətçiliyin qırmızı xətlərini qorumaq arasında son dərəcə çətin seçimə doğru itələnir. Bu seçim təkcə Kiyevin deyil, Avropanın və bütövlükdə postsovet məkanının gələcək təhlükəsizlik nizamının da taleyini müəyyən edəcək.

Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr