AZ

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 4 milyard dollara yaxınlaşıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 3,815 milyard ABŞ dolları təşkil edib.

Day.Az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 799,2 milyon ABŞ dolları və ya 26,5% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,34%-i həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Çinə 79,6 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 65,2 milyon ABŞ dolları və ya 5,5 dəfə çoxdur.

Hesabat dövründə Çindən Azərbaycana isə 3,7 milyard ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 734 milyon ABŞ dolları və ya 24,5% artım deməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyard ABŞ dolları və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın, 19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6 milyard ABŞ dolları və yaxud 15,6% artıb.

Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya 2,5 dəfə azdır.

Seçilən
19
13
day.az

10Mənbələr