AZ

Avropa və Afrika ittifaqlarının yüksək səviyyəli sammiti keçirilir

24-25 noyabr tarixlərində Anqolanın Luanda şəhərində Avropa İttifaqı-Afrika İttifaqı (Aİ) Zirvə Görüşü keçiriləcək.

Musavat.com xəbər verir ki, Aİ görüşlə bağlı sənəd yayıb. Sənədə əsasən görüş "Effektiv Çoxtərəflilik Vasitəsilə Sülhün və Rifahın Təşviqi" adı altında keçiriləcək.

Avropa Şurasının Prezidenti António Kosta bildirib ki, "bu əlamətdar sammitin məqsədi güclü, balanslı və gələcəyə yönəlmiş Aİ-Afrika tərəfdaşlığıdır".

Aİ-ni həmçinin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Afrika İttifaqını isə Afrika İttifaqı Komissiyasının Prezidenti Mahmud Əli Yusif təmsil edəcək.

Zirvə görüşü Aİ-Aİ tərəfdaşlığının 25-ci ildönümünə, eləcə də Anqolanın və bir sıra digər Afrika ölkələrinin müstəqilliyinin 50 illiyinə həsr olunub.

Avropa Şurasının kommunikesinə görə, iki gün ərzində liderlər sülh, təhlükəsizlik, idarəetmə, çoxtərəflilik, rifah, miqrasiya və mobillik kimi əsas sahələrdə əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə etmək üçün iki tematik sessiyada iştirak edəcəklər. Zirvə görüşünün ardından liderlərin birgə bəyannamə qəbul etməsi gözlənilir.

Avropa Şurasının kommunikesində qeyd olunur ki, Aİ özünün Ümumi Təhlükəsizlik və Müdafiə Siyasətinin bir hissəsi olaraq Afrikada 12 mülki və hərbi missiya və əməliyyat yaradıb. Aİ həmçinin Avropa Sülh Fondu vasitəsilə Afrika ölkələrini dəstəkləyir: “Bundan əlavə, Aİ Afrikada zorakı ekstremizmin qarşısını almağa yönəlmiş terrorizmə qarşı mübarizə potensialının artırılması proqramlarının və digər proqramların dünyanın ən böyük təminatçılarından biridir. Aİ Afrika ölkələrinin ən böyük ticarət tərəfdaşı, Çin, Hindistan və ABŞ-dan da böyük ixrac bazarıdır".

Afrika ölkələri Aİ-nin dördüncü ən böyük ticarət tərəfdaşıdır. Avropa İttifaqı 19 Afrika ölkəsi ilə güzəştli ticarət müqavilələri bağlayıb, bu da Afrika ixracatının 90 faizindən çoxunun Aİ bazarına daxil olması və idxal rüsumları olmadan 450 milyon istehlakçıya çatması deməkdir. Bundan əlavə, Aİ Afrikaya xarici birbaşa investisiyaların aparıcı təminatçısıdır və 2023-cü ildə bu investisiyalar 238,9 milyard avro təşkil edib.

Aİ-nin dünya miqyasında infrastruktur layihələrinə investisiya qoyuluşu üzrə Qlobal Qapı strategiyasının bir hissəsi olaraq 150 milyard avroluq paket həyata keçirilir: “Bu, yaşıl və rəqəmsal texnologiyalara keçidi sürətləndirməklə, davamlı iqtisadi artımı və iş yerlərinin yaradılmasını stimullaşdırmaqla, səhiyyə, təhsil və təlim sistemlərini gücləndirməklə Afrika ölkələrinə səmərəli, inklüziv, yaşıl və rəqəmsal transformasiyaya nail olmaqda dəstək olmaq məqsədi daşıyır”.

Musavat.com

 

Seçilən
72
musavat.com

1Mənbələr