AZ

Nigeriyada silahlılar tərəfindən qaçırılan şagirdlərdən 50-si evlərinə qayıdıb

Qahirə, 23 noyabr, AZƏRTAC

Nigeriyada katolik məktəbindən cümə günü oğurlanan 300-dən çox şagirddən 50-si saxlandıqları yerdən qaçaraq evlərinə dönüblər.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu barədə məlumatı ölkədə fəaliyyət göstərən bir xristian təşkilatı verib.

“Qaçmağı bacaran 50 şagirdin geri qayıtması bizə bir qədər rahatlıq gətirsə də, digərlərinin xilas edilməsi və geri qayıtması üçün dua etməyə davam etməyinizi tövsiyə edirəm”, - deyə Müqəddəs Məryəm (Saint Mary) məktəbinin direktoru və sahibi Pol Con açıqlamasında bildirib.

Qeyd edək ki, əhalisinin sayına görə Afrikanın ən böyük ölkəsi sayılan Nigeriyada Müqəddəs Məryəm katolik məktəbindən cümə günü 300-dən çox şagird və müəllim silahlılar tərəfindən oğurlanıb. Nigeriya Xristianları Birliyinin bəyanatına görə, qaçırılanlarından 303-ü şagird və 12-si müəllim olub. Bildirilir ki, qaçırılan şagirdlər arasında qızlar da var.

Bu hadisə son 11 ildən bəri baş vermiş ilk böyük sayda şagird oğurluğudur. Bundan öncə (2014-cü il) Borno vilayətindəki məktəbə Boko-Haram terror qruplaşması tərəfindən hücum edilib və 276 tələbə oğurlanmışdı.

 
Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
56
2
azertag.az

3Mənbələr