“İrşad” mağazalar şəbəkəsindən alış-veriş edən vətəndaş məhsulun qiymətində yaranmış fərqin ödənilməməsindən şikayətçidir.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, şikayətçi Rauf Mirzəyevin sözlərinə görə, onlar 12 gün əvvəl Bosch markalı paltaryuyan maşını kreditlə alıblar. Qanunvericiliyə əsasən, satınalma günü hesablanmadan 14 gün ərzində istehlakçıya məhsulun qaytarılması və ya eyni məhsulda qiymət fərqi yarandıqda həmin fərqin ödənilməsi hüququ verilir.
Vətəndaş bildirir ki, paltaryuyan maşının qiyməti qısa müddətdə 200 manat ucuzlaşıb. Buna görə mağazaya müraciət edərək aradakı qiymət fərqinin silinməsini istəyiblər. Lakin mağaza əməkdaşları məhsulun istifadə olunduğunu əsas gətirərək qiymət dəyişikliyinin tətbiq olunmasını mümkün olmadığını deyiblər.
Şikayətçinin sözlərinə görə, məqsədləri məhsulu geri qaytarmaq deyil, sadəcə qanunla nəzərdə tutulan qiymət fərqinin kompensasiyasıdır:
> “Məhsulu qaytarmırıq, sadəcə 14 gün ərzində yaranmış qiymət fərqi ödənilməlidir. Menecer başladı müxtəlif bəhanələr gətirməyə. Sabah məsələni aidiyyəti qurumlara şikayət edəcəyik”.
Vətəndaş məsələnin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən araşdırılacağına ümid etdiyini bildirib.