AZ

“Putinin əmisi oğlu” olanlar – onlar növbəti şikar ola biləcəyimizi düşünürlərmi?

Yaxın və ya uzaq ölkələrdə gedən proseslərə, baş verən hadisələrə münasibətdə bizim burada, öz ölkəmizdə fərqli mövqelər tutaraq höcətləşməyimizin heç nəyə təsiri yoxdur.

Biz, sadəcə, kimdən yana olmağımızı göstərməklə öz beynimizdəki düşüncələri, dünyagörüşümüzü, həyat fəlsəfəmizi göstəririk.

İndiyə qədər yüz dəfə belə hallar olub: yaxın-uzaq ölkələrdə baş verənlərə münasibətdə tərəf tutub, iki tirəyə bölünmüşük. Məsələn, hansısa ölkədə demokratik qüvvələr seçkilərdə uzun zamandan bəri hakimiyyətdə olan iqtidar komandasına qalib gələrək dövlət başına keçmək istəyəndə bizim ölkəmizdə müxalif qüvvələr həmin ölkənin müxalifətinə, iqtidar təbliğatçıları isə sözügedən ölkənin iqtidarına simpatiya izhar ediblər. Bu sırf inersiya üzrə baş verib: “biz də müxalifətik, onlar da” və “biz də iqtidarıq, onlar da”.

Hətta 2019-cu ildə Ermənistanda Nikol Paşinyan mitinq və yürüşlərlə xalqı arxasına alıb Sarkisyan-Köçəryan tandeminin hakimiyyətini aşıranda bizim ölkədə Sarkisyanın hakimiyyətdə qalmasını istəyən xeyli adam vardı, deyirdilər, Paşinyan küçə uşağıdır, zor yolu ilə hakimiyyəti qəsb etmək istəyir.

O cür danışan, yazan adamlara qarşı olanların da belə bir arqumenti vardı: “Siz kimin əmisi oğlusunuz? Sarkisyan Xocalı qatilidir, işğalçıdır, Qarabağ danışıqlarında bir metr torpaq güzəştə getmək fikrində deyil. O, hakimiyyətdən getsə, bəlkə yerinə gələnlə dil tapmaq mümkün olacaq?”

Elə də oldu. Sarkisyan getdi, Paşinyan gəldi və onunla “dil tapmaq” mümkün oldu. Detallara varmayaq, nəticələrə baxaq.

Yəni biz xarici ölkələrdə gedən proseslərə qrup mənafeyi baxımından yox, xalqımıza, dövlətimizə faydalılıq baxımından yanaşmalıyıq.

İndi ABŞ-nin təzyiqi ilə Ukraynanın Rusiya qarşısında kapitulyasiyası məsələsi gündəmdədir. Tam bəllidir ki, bu “sülh planı” RF prezidenti Putinin direktivləri əsasında, onun əlavə və düzəlişləri əsasında hazırlanıb.

Ukrayna kimi Rusiyanın artıq müharibəni davam etdirmək gücü qalmayıb, resursları tükənib, qırğına göndərməyə əsgər yığa bilmir, milli genefondun məhvi təhlükəsi yaranıb, etnik azlıqların övladlarının aşırı şəkildə ön cəbhəyə basılması nəticəsində muxtar dairələrdə savaşa yararlı başıpapaqlı tapılmır, regionlar həlak olanların ailələrinə, yaralanıb tərxis olunan yüz minlərlə hərbçiyə kompensasiya ödəməyə maddi vəsait tapmır və s. Belə bir ortamda Putin müharibəni dayandırmaq istəyir, ancaq umur ki, müharibədən qalib ayrılsın, dövlətinin reputasiyasına, özünün xarizmasına xələl gəlməsin.

Gerçəklik bundan ibarətdir, amma bizim ölkəmizdə Putinin şəninə tərif yağdıranların sırası yenidən genişlənib. Onlar elə mövqe sərgiləyirlər, sanki Putin “xüsusi əməliyyat” adlandırdığı, amma 3 il 9 aydır davam edən müharibəni ildırım sürətli ilə aparıb və iki-üç həftənin içində işi bitirib. Bəziləri lap eyforiyaya qapılıb, elə bilirlər, Putin Ukraynanın ələ keçirsə, dünya düzələcək, güllük-gülüstanlıq olacaq.

Əsas sual budur: bizimkilər nədən “Putinin əmisi oğlu” rolunda olmalıdırlar? Onlar hansı məntiqə söykənirlər?

Bu şəxs və onun başçılıq etdiyi dövlət əsassız və gülünc bəhanələrlə başqa bir dövlətin ərazisinə müdaxilə edib və yüz minlərlə insanın ölümünə, böyük dağıntılara bais olub.

Biz niyə aqressoru tərəfində olmalı, ona haqq qazandırmalıyıq? Özü də o halda ki, dünənə qədər ölkəmizin ərazisi Moskvanın himayə etdiyi Ermənistanın işğalı altındaydı. Hələ indinin özünüdə də biz şimallı aqressorun böyüyən iştahının şikarı olmaq təhlükəsi altındayıq.

Hamı görür ki, Rusiya nə Karpatdan, nə Qafqazdan, nə də Mərkəzi Asiyadan əl çəkmək fikrində deyil, bu regionlarda yerləşən postsovet ölkələri ilə haqq-hesab çəkməyi Ukrayna müharibəsindən sonraya saxlayıb.

Əgər Trampın təklif etdiyi “sülh planı”na əsasən Putin məqsədinə çatsa, çox çəkməyəcək, birinci Moldovanı, ikinci Ermənistanı diz çökdürəcək, daha sonra o biri müstəqil ölkələrdən tam itaət tələb edəcək.

Məgər Rusiyanın siyasi, hərbi, mədəni elitasının açıqlamalarından niyyətlərinin nə olduğu görünmürmü?

Bunu bilə-bilə Rusiyanın aqressiv hərəkətlərinə haqq qazandırmaq, onun Ukraynanı işğal etməsini arzulamaq avtomatik olaraq Azərbaycan dövlətinə qarşı olmaq, onun 35 il əvvəl olduğu kimi müstəmləkəyə çevrilməsini istəməkdir.

Yaxşı ki, ölkədə prosesin gediş istiqamətini hələ 3-4 il öncədən düzgün başa düşənlər çoxdur. Bu şəxslərin Ukraynaya rəğbət bəsləmələrinin, onun bu qanlı savaşda uduzmamasını istəmələrinin çox bəsit bir səbəbi var. Onlar istəyirlər ki, zülm-zillətlə qazandığımız dövlət müstəqilliyi yenidən “rus ayısı”nın zavalına gəlməsin.

Bu şəxslər məsələyə təkcə intuitiv yanaşmırlar, tarixi aspektləri, Rusiyanın hərbi-siyasi doktrinasının incəliklərini, bu dövlətin dünya düzənində mövcudluq fəlsəfəsini, imperialist ambisiyasını, cənubdakı ölkələrə xammal bazası, “şimalın bostanı” kimi baxmasını nəzərə alırlar.

Bütün bunları ağır-yüngül edəndə “Putinin əmisi oğlu” olmaq olmur.

 

Seçilən
111
50
musavat.com

10Mənbələr